...

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının apellyasiya şikayəti ilə bağlı çıxardığı qərarı aprelin 27-də açıqlayacaq

Cəmiyyət Materials 26 Aprel 2006 18:50 (UTC +04:00)

Apellyasiya Məhkəməsi aprelin 26-da Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarında bərpası məsələsi ilə bağlı apellyasiya şikayətinə baxıb. Bu barədə Trend ə adıçəkilən partiyanın məhkəmə prosesində iştirak edən vəkili Nemət Kərimli bildirib.

Qeyd edək ki, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası millət vəkili Aynur Camalqızının partiya sıralarında bərpası ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. İlk məhkəmə prosesi martın 22-ə təyin edilsə də, müəyyən səbəblər üzündən məhkəmə baş tumadığından proses aprelin 12-ə keçirilib. A.Camalqızının nümayəndəsi bu prosesdə iştirak etmədiyinə görə, hakim Fərhad Kərimovun qərarı ilə növbəti proses aprelin 26-da keçirilib.

Onu da bildirək ki, Müsavat Partiyasını bu prosesdə iki vəkil - Mübariz Qarayev və Nemət Kərimli təmsil edib.

N.Kərimli onu da bildirib ki, bu prosesdə də qarşı tərəfin nümayəndəsi iştirak etməyib. "Məhkəmə saat 11.00-da başa çatsa da, hakim əvvəlcə bizə bildirib ki, saat 15.00-da qərar oxunacaq. Lakin sonradan məlumat verdilər ki, qərar aprelin 27-də saat 14.30-da oxunacaq" - deyə o bildirib.

A.Camalqızı isə rayonda olduğunu qeyd edərək məhkəmə prosesinin aprelin 26-da keçirilməsi ilə bağlı ona heç bir məlumat verilmədiyini bildirib. "Bakıya qayıtdıqdan sonra bu məsələ ilə maraqlanacam" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti