"RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi (AJMK) Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirdiyi monitorinqin nəticələrini açıqlayacaq. Bu barədə Trend ə həmin Komitədən məlumat verilib. Müdafiə Komitəsi monitorinqin nəticələrinə dair mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində "dəyirmi masa" keçirəcək.
"RUH" AJMK-nın sədri Hüquq Salmanov bildirib ki, rəhbərlik etdiyi qurumun monitorinqinə ötən 7 ay ərzində qeydə alınmış faktlar daxil edilib. Komitə sədrinin sözlərinə görə, tədbirdə məqsəd parlament seçkiləri öncəsi medianın durumuna nəzər salmaq, seçkidən sonrakı dövrlərdə onun fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub: "Monitorinqdə eyni zamanda KİI-lərə qarşı irəli sürülən məhkəmə iddialarının, tələb və tətbiq olunan cərimələrin, jurnalistlərə təzyiq hallarının təsnifatı ilə bağlı məlumatlar yer alıb".
Qeyd edək ki, "RUH" AJMK-nın monitorinqi Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.