...

Ramil Səfərovun məhkəməsində iştirak etmiş Ədliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasının normal keçdiyini bildiriblər

Cəmiyyət Materials 5 May 2006 19:00 (UTC +04:00)

Mayın 3-də Azərbaycan zabiti Ramil Səfərovla bağlı Macarıstanda keçirilmiş ikinci məhkəmənin işində iştirak etmiş Azərbaycanın Ədliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasının normal keçdiyini bildiriblər. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zavər Qafarlı məlumat verib.

Z.Qafarlı bildirib ki, məhkəmədə iki şahid dindirilib. Həmin şahidlər həbsxana mühafizəçiləri olub. Proses normal şəraitdə keçib. "Məhkəmənin Ramil Səfərova qarşı ədalətli, yaxud ədalətsiz mövqe tutduğunu yalnız məhkəmənin hökmündən sonra demək olar. Hələliksə belə bir hal müşahidə olunmayıb" deyə Z.Qafarov söyləyib.

Z.Qafarov bildirib ki, məhkəmə iclası sentyabrın 1-də davam etdiriləcək. Ədliyyə Nazirliyinin nümayəndələrinin həmin iclası izləyəcəkləri gözlənilir.

Qeyd edək ki, R.Səfərovun ikinci dəfə məhkəmə qarşısında dayanmasına səbəb Qurgen Markaryanın ölüm işi ilə əlaqədar istintaq altında saxlanıldığı vaxt həbsxananın işçiləri ilə yaranmış anlaşılmazlıq olub. Belə ki, R.Səfərov həbsxana işçilərinə müqavimət göstərməkdə təqsirli bilinir. İttihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.

Ramil Səfərov Q.Markaryanı qətlə yetirdiyinə görə aprelin 13-də ömürlük həbsə məhkum edilib. Hazırda o, ikinci dəfədir ki, Budapeştin Peşt rayon Məhkəməsi tərəfindən mühakimə olunur.

Xəbər lenti

Xəbər lenti