...

Nazim İbrahimov: "Gürcüstandakı Azərbaycan məktəblərində mütləq gürcü dili tədris olunmalıdır"

Cəmiyyət Materials 18 May 2006 18:00 (UTC +04:00)

"Gürcüstanda yaşayan azərbaycanlıların dövlət müəssisələrində işlə təmin olunmaması, nəticədə ölkəni tərk edib getməsi onların gürcü dilini bilməmələri ilə bağlıdır". Trend in məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O, qeyd edib ki, Gürcüstan azərbaycanlılarının təhsil problemləri heç də Azərbaycan məktəblərini qoruyub saxlamaqla, onları təmir etməklə həll olunmur. Çünki hətta Azərbaycan məktəblərinin sayı artırılsa belə, yenə də azərbaycanlı şagirdlər gürcü dilində təhsil almayacaq və nəticədə yenə də bu dilə yəyələnə bilməyəcəklər. N.İbrahimovun fikrincə, Azərbaycan məktəblərində mütləq gürcü dili tədris olunmalıdır: "Əks halda mən hesab edirəm ki, belə getsə Gürcüstanda bir nəfər azərbaycanlı qalmayacaq. Çünki məktəbi bitirən azərbaycanlılar gürcü dilini bilmədiklərinə görə Gürcüstanın ali məktəblərinə qəbul oluna bilmir, həmçinin bütün dövlət strukturlarında işlə də təmin olunmurlar. Buna görə də Gürcüstanı, yaşadıqları yerləri tərk edərək başqa ölkələrə, xüsusilə də Rusiyaya qazanc dalınca gedirlər".

N.İbrahimov onu da bildirib ki, Gürcüstandan qayıtdıqdan sonra bu ölkədəki azərbaycanlılara məxsus nəbatat bağının təmirə ehtiyacı olması barədə Heydər Əliyev Fonduna məktub yazıb. N.İbrahimovun sözlərinə görə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun əməkdaşları Gürcüstanda olub və həmin bağda azərbaycanlıların qədim heykəllərinin, abidələrin vəziyyətilə maraqlanıblar. Komitə sədrinin sözlərinə görə, Fond tərəfindən nəbatət bağında təmir işləri aparılacaq.

Xəbər lenti

Xəbər lenti