...

Jurnalistlərin məhkəməyə verilmə halları azalıb

Cəmiyyət Materials 30 May 2006 17:13 (UTC +04:00)

Azərbaycanda jurnalistlərin məhkəməyə verilmə halları əvvəlki illərə nisbətən azalıb. Trend in xəbərinə görə, bu barədə mayın 30-da Beynəlxalq mətbuat Mərkəzində Ümumrespublika və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Asossasiyası ilə Azərbaycan Mətbuat Şurasının (MŞ) "Hüquqi dövlətdə məhkəmə hakimləri və KİV" mövzusunda birgə keçirdiyi dəyirmi masada MŞ sədri Əflatun Amaşov məlumat verib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının apardığı monitorinqlərin nəticəsinə görə, 2003-cü ildə 50, 2004-cü ildə 50, 2005-ci ildə 15, 2006-cı ilin beş ayı ərzində isə 12 kütləvi informasiya vasitəsi məhkəməyə verilib.

"Jurnalistlərə məhkəmə tərəfindən təyin olunan cəza ağır, cərimələr yüksəkdir. Buna görə cərimələrin ödənməsi mümkün olmur və nəticədə məhkəmələr nüfuzdan düşür. Əgər məbləğlər yüksək olmasa, jurnalistin maaşının bir hissəsi qədər olsa, onda cərimələr ödənilə bilər. Həm də jurnalist öz işinə daha məsuliyyətlə yanaşar" - deyə MŞ sədri qeyd edib.

Ə.Amaşov həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin ixtisaslaşdırılmasının vacib olduğunu da bildirib.

Ümumrespublika və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri Ələddin Cəfərov isə çıxışında bildirib ki, o, mətbuat nümayəndələrinə qarşı istənilən təzyiqin əleyhinədir. Ə.Cəfərovun sözlərinə görə, mətbuatla bağlı problemin fiziki təzyiqlə həlli qəbuledilməzdir.

Xəbər lenti

Xəbər lenti