...

YAP-ın təşəbbüsü ilə "Mətbuat və cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət Materials 20 İyun 2006 15:12 (UTC +04:00)
YAP-ın təşəbbüsü ilə "Mətbuat və cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə iyunun 20-də "Mətbuat və cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada media rəhbərləri, millət vəkilləri, siyasi partiya sədrləri iştirak edib.

Dəyirmi masanı açan YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda söz və mətbuat azadlığının olduğunu bildirsə də, bəzi problemlərin mövcudluğundan danışıb: "Bizim düşüncəmizə görə mətbuat sahəsində üç problem mövcuddur. Bunlardan biri mətbuatda vətəndaşların təhqir edilməsi, ikincisi rekertçiliyin, şantaj və böhtanların yer alması, nəhayət, üçüncüsü isə, mətbuat orqanlarının ayrı-ayrı partiyaların inhisarında olmaqla siyasiləşməsidir".

Ə.Əhmədov qeyd edib ki, məlum olan bu üç problem Azərbaycan mətbuatının imicinə böyük zərbədir.

Dəyirmi masada çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının əsasən maliyyə çətinliyi ilə üzləşdiyini önə çəkib. Ə.Amaşov bildirib ki, KİV iqtisadi cəhətdən özünü maliyyələşdirə bilmədiyindən siyasiləşib. Ə.Amaşov rəhbərlik etdiyi quruma mətbuatda vətəndaşların təhqir olunması ilə bağlı 3500-ə yaxın şikayətin edildiyini bildirib.

Daha sonra Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekannalardakı vəziyyətlə bağlı danışıb. Qeyd edib ki, telekanallarda indi dünya standartlarına uyğunlaşma prosesi gedir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə iqtisadi cəhətdən özünü təmin edə bilməyən qəzetlərin bağlanması təklifi ilə çıxış edib.

Mövzu ilə bağlı çıxış edən millət vəkillərindən Sabir Rüstəmxanlı, Əkrəm Əylisli, Bəxtiyar Sadıqov və digərlər mətbuatda mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini veriblər.

Xəbər lenti

Xəbər lenti