...

Azərbaycanlı gimnastlar Moskvada Avropa çempionatına hazırlaşır

Cəmiyyət Materials 14 İyul 2006 11:48 (UTC +04:00)

Azərbaycanlı gimnastlar Moskvada keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində bütün mümkün toplanışlarda işirak etmək niyyətindədir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, milli yığmanın liderləri Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva Budvada (Çernoqoriya) rusiyalı gimnastlarla birgə məşqlər keçir.

Əsas diqqət xüsusi fiziki hazırlığa, proqramın mürəkkəb elementləri üzrə məşqlərə və s. yönəldilib.

Ölkə komandası da qrup tapşırıqları üzrə oyunlara hazırlaşır. Tərkibinə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Trepina, Səbinə Alxazova və Samirə Əliyevanın daxil olduğu kollektiv iyulun 17-24-də Nabranda məşqlərə başlayacaq.

Federasiyadan o da bildirilib ki, iyunun sonunda Bakıda olmuş rusiyalı mütəxəssis İrina Zenovka komandanın 5 lent, 3 çənbər və 4 gürzlə çıxışlarına təkrar baxıb.

"Mən bu kompozisiyalara müəyyən mürəkkəb elementlər əlavə etmişəm. Fikrimcə, bunlar gimnastlara daha da zəriflik və artistizm verəcək. Bu, güclü tərkibə və xarakterə malik yaxşı və təcrübəli komandadır. Buna görə də hesab edirəm ki, bu komanda 2008-ci ildə Pekində keçiriləcək Olimpiadada çıxış edə bilər və etməlidir", - deyə İ. Zenovka vurğulayıb.

Yeniyetmələrə gəlincə isə 5 gimnastımız - Zeynəb Cavadlı, Zülfiyyə Əliyeva, Leyla Şamilova, Nigar Mirzəyeva və Ceyla Quliyeva avqustun əvvəlində Gəncədə 10 gün ərzində məşqlər keçirəcək. Məşqlər Olimpiya kompleksində keçiriləcək. Gimnastlara gənclərdən ibarət yığmanın məşqçisi N.Qasımova rəhbərlik edəcək. Bununla paralel olaraq o, perspektivli gəncəli gimnastları gözdən keçirəcək və onlar üçün bir neçə yeni tapşırıqlar hazırlayacaq.

Bununla yanaşı, Avropa Gimnastika İttifaqında (UEG) sentyabrda keçiriləcək XXII qitə çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə, fərdi proqramda çıxış edən azərbaycanlı gimnastlar ən güclü B qrupuna düşüb. Yaşlı idmançılar 11 və 19 sıra nömrəsi altında çıxış edəcək. Yeniyetmələr Moskva xalçası üzərinə sayca 21-ci, qrup komandası isə 6-cı çıxacaq. Avropa çempionatında cəmi 33 ölkənin gimnastları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti