Azərbaycan alpinistləri İstiqlaliyyət (keçmiş Lenin) zirvəsini fəth edib və milli bayrağımızı ora sancıblar.
Ekspedisiyaya rəhbərlik edən Respublika alpinistlər klubunun başçısı Saridan Mursaqulovun Trend ə verdiyi xəbərə görə, zirvəyə qalxarkən, pis hava şəraiti var idi. "Biz bir gün 6100 metr hündürlükdə gözlədik, sonra yolumuza davam etdik. Təbii ki, uzun müddət bu qədər yüksəklikdə olmaq, hətta gecələmək bizim səhhətimizə təsir etməyə bilməzdi. Ona görə qərara aldıq ki, kimin gücü çoxdusa, o, zirvəyə qalxacaq. Bu missiyanı Akif Rüstəmov öz üzərinə götürdü. O, zirvəyə qalxdı və Azərbaycanın bayrağını ora sancdı", - deyə S.Mursaqulov qeyd edib.
Qeyd etmək lazımdır ki, o, ikinci dəfədir ki, İstiqlaliyyət zirvəsinə yürüş edir, birinci dəfə S.Mursaqulov Pamirin bu hissəsinə 1989-cu ildə qalxıb.