...

Londonda ikinci Azərbaycan məktəbi açılacaq

Cəmiyyət Materials 9 Avqust 2006 14:13 (UTC +04:00)

Londonda artıq bir Azərbaycan məktəbi fəaliyyət göstərir və ikincisinin də açılması planlaşdırılır. Bu barədə Trend ə müsahibəsində London-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bildirib.

O qeyd edib ki, cəmiyyət Londonda 2004-cü ildən fəaliyyət göstərir. "Mən hesab edirəm ki, bu növ təşkilatların Azərbaycan üçün böyük əhəmiyyəti var, çünki dünyada və xüsusilə Avropada Azərbaycan haqqında məlumat azdır. Buna görə bizim məqsədimiz britaniyalıları Azərbaycanla tanış etmək, onun tarixi və mədəniyyəti haqqında məlumat verməkdir. Bu istiqamətdə çoxlu tədbir keçiririk. İlk tədbirimiz Azərbaycan mədəniyyət gecəsi olub. 200-dən çox britaniyalı, o cümlədən tələbələr milli müsiqimiz və mətbəximizlə tanış olub" - deyə o vurğulayıb.

T.Heydərovun sözlərinə görə, ikinci tədbir Qarabağa həsr edilib və bura 1992-ci ildə Xocalı faciəsinin şahidi olmuş Amerika jurnalisti Tomas Holts dəvət olunub. Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri, Britaniyanın Azərbaycandakı keçmiş səfiri Rocer Tomas, Edinburq universitetinin professoru Qulam Rza Səbri Təbrizi, 100-dən çox tələbə, professor və siyasətçi iştirak edib.

T.Heydərov bildirib ki, cəmiyyətin Türkiyə, Rusiya və İran təşkilatları ilə çox yaxşı münasibətlərimiz var. "Biz bir-birimizin təşkil etdiyi tədbirlərdə iştirak edirik. Müsəlman təşkilatları ilə əlaqələrimiz hələ fəal deyil, lakin biz bunu da fəallaşdıracağıq" - deyə o qeyd edib. T.Heydərov əlavə edib ki, bir çox təşkilatlar, o cümlədən İngilis-Azeri Cəmiyyətilə Azərbaycandakı kimsəsiz və qaçqın ailələrindən olan uşaqlara yardım edib.

Cəmiyyətin nümayəndəsi Dünya Azərbaycan Gənclərinin avqustun 12-də Bakıda keçiriləcək forumunda iştirak etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti