Oktyabrın 25-də Hacı Məmmədovun məhkəməsində bandanın çeçen üzvü Hüsain Abdulvahabov ifadə verib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
Təqsirləndirilən şəxs məhkəmənin nəzərinə çatdırıb ki, 1994-cü ilədək Çeçenistanda yaşayıb. Həmin ildə Çeçenistandakı vəziyyətlə əlaqədar ailəsindəki qadınların təhlükəsizliyini təmin etmək məqsədilə onları müvəqqəti yaşamaq üçün Bakıya gətirib. Burada onları qardaşı Sidek Abdulvahabova (banda üzvlərindən biri) tapşıraraq geri qayıtmaq istəsə də, yollar bağlandığı üçün Bakıda qalıb.
Qətllərdə və adam oğurluqlarında təqsirli bilinən Hüsain Abdulvahabov ittihamları qəbul etməyib. O bildirib ki, Hacı Məmmədovla yaxın münasibəti olsa da, onun cinayətkar bandaya başçılıq etdiyini bilməyib. "Mən Hacı ilə 1995-ci ildə Şirxan Albiyev (Hacının qətlə yetirdiyi banda üzvü) vasitəsiylə tanış olmuşam. Bizim yaxın münasibətimimiz olub, Hacını xeyirxah bir insan kimi tanımışam, bəzən mənə maddi yardım göstərib" - deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.
Məhkəmə iclası Hüsain Abdulvahabovun ifadəsi ilə davam edir.