...

Zərərçəkən: "Atam ölənə qədər bilmədi ki, məni oğurlayan və qulağımı kəsdirən yaxın dostu Hacı Məmmədov olub"

Cəmiyyət Materials 30 Oktyabr 2006 14:15 (UTC +04:00)

Oktyabrın 30-da Hacı Məmmədovun məhkəməsində üç zərərçəkən dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Zərərçəkən qismində dindirilmiş polis işçisi Həsən Kazımov məhkəmənin nəzərinə çatdırıb ki, 1995-ci ildə Hacı Məmmədovun bandasının üzvləri tərəfindən Bakıxanov qəsəbəsi ərazisində bir avtomobilə olunan silahlı basqın zamanı yaralanıb. "Məni hazırda müttəhimlər kürsüsündə əyləşmiş dəstənin çeçen üzvü Aslan Çintamirov tapançadan atəş açmaqla yaralamışdı" - deyə o, bildirib. Həmin vaxt kənardan müdaxilə olduğuna görə banda üzvlərinin basıqnı baş tutmayıb.

Zərəçəkən Eldar Muradov isə məhkəməyə bildirib ki, banda üzvləri onun Siyəzəndəki mənzilinə basqın ediblər. "Həmin vaxt mənə xəsarət yetirdilər və mənzildən 7 milyon manatlıq qızıl zinət, o cümlədən pul apardılar".

Daha sonra banda tərəfindən tamah məqsədilə oğurlanmış və qulağı kəsilmiş Bakı şəhər sakini İlham Qədimzadə dindirilib. Zərərçəkən ifadəsində billdirib ki, atası Vaqif Qədimzadə Hacı Məmmədovla yaxın dost olub. "Məni yaşadığım evin qarşısından oğurladılar. Bir neçə gündən sonra mənim keşiyimi çəkən banda üzvləri dedilər ki, atan səni buraxdırmaq üçün pul vermək istəmir. Biz sənin qulağını kəsid ona göndərmək məcburiyyətindəyik ki, bu yolla ona təsir göstərək"- deyə zərərçəkən bildirib.

İ.Qədimzadənin sözlərinə görə, onun qulağını banda üzvü Aslan Çintamirov kəsib. Bu prosesdən bir gün sonra atası tələb olunan 180 min dolları bandaya çatdırıb. "Hacı məni oğurlatdırandan sonra atamın yayından kənara çəkilmirmiş. Atama tez-tez deyirmiş ki, "pulu verib uşağı azad etdirmək lazımdır, yoxsa xətər dəyər" - deyə İ.Qədimzadə söyləyib.

Qeyd edək ki, İlqar Qədimzadənin atası Vaqif Qədimzadə də bir neçə il əvvəl tərkibi gəncəlilərdən ibarət olan cinayətkar banda tərəfindən yaşadığı mənzildə tamah məqsədilə qətlə yetirilib. "Atam həyatının son gününə qədər mənim Hacı tərəfindən oğurlandığımı ağlına belə gətirməyib" - deyə zərərçəkən bildirib.

Məhkəmə iclası zərərçəkənlərin ifadəsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti