...

Ə.Amaşov: "Azərbaycan jurnalistlərinin IV qurultayında Mətbuat Şurasına seçkilər keçirilməyəcək"

Cəmiyyət Materials 30 Oktyabr 2006 16:12 (UTC +04:00)

Azərbaycan jurnalistlərinin IV qurultayında Mətbuat Şuasının strukturlarına seçkilər keçirilməyəcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

O, bildirib ki, jurnalistlərin dördüncü qurultayının noyabr ayının sonu, dekabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Mətbuat Şurası İdarə Heyətinin iclasında toplantının dəqiq tarixi müəyyən olunacaq. Qurultayda Mətbuat Şurasının son bir ildəki fəaliyyətinə dair qurumun sədrinin hesabatı dinləniləcək, jurnalistikanın bu günkü durumu, iqtisadi vəziyyəti müzakirəyə çıxarılacaq.

Ə.Amaşovun sözlərinə görə, bu qurultayda təşkilati məsələlərə baxılmayacaq. Yəni, Mətbuat Şurasının sədrliyinə, İdarə Heyətinə seçkilər keçirilməyəcək. Mətbuat Şurasının Nizamnaməsinə görə, quruma seçkilər iki ildən bir keçirilir. Sonuncu dəfə keçən ilki üçüncü qurultayda seçki olduğundan, bu dəfə qurultayın gündəliyinə bu məsələlər daxil edilməyəcək. Jurnalistlər Mətbuat Şurasını yenidən gələn il keçiriləcək qurultayda formalaşdıracaqlar.

"Builki qurultayda Mətbuat Şurasının hesabatı müzakirə ediləcək, bununla yanaşı jurnalistikanın indiki durumu, söz-mətbuat azadlığı sahəsində vəziyyət, mətbuatın iqtisadi durumu və digər məsələlərin müzakirə olunması nəzərdə tutulub. Mətbuat Şurası Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və Azərbaycan qanunvericiliyə görə də belə təşkilatlar ildə 1 dəfə özlərinin Ali Məclisini keçirməlidirlər. Jurnalistlərin ali toplantısı isə qurultaydır. Ona görə də jurnalistlərin qurultayı hər il ildə bir dəfə keçirilir"-deyə Ə.Amaşov məlumat verib.

MŞ sədrinin sözlərinə görə, qurultayda mətbuatın reklam bazarının genişlənməsi, KİV-lərin fəaliyyəti ilə bağlı dövlət qrant proqramının həyata keçirilməsi və digər təkliflər irəli sürüləcək. Şura sədrindən başqa, qurumun Nəzarət Təftiş Komissiyasının sədri İbrahim Məmmədlinin və digərlərinin çıxışı da nəzərdə tutulub.

Qurultay iştirakçıları barədə Şuranın İdarə Heyətində müzakirələr aparılacaq. Ə.Amaşovun sözlərinə görə, əvvəlki qurultaylarla müqayisədə IV qurultayda KİV-lərdən az nümayəndə iştirak edcək. İştirakçıların sayının təxminən 230-250 nəfər olması nəzərdə tutulur. Gündəlik çap olunan qəzetlərdən, informasiya agentliklərindən və jurnalist təşkilatlarından 2 nəfər, həftəlik nəşrlərdən isə 1 nəfərin qurultayda təmsil olunması planlaşdırılır.

Toplantının sonunda IV qurultayın sənədləri qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti