Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası özünün növbəti iclasını keçirib. Trend in məlumatına görə, MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin sədrliyi ilə keçən iclasda gündəliyə əsasən 5 məsələ müzakirə olunub.
"Müasir Müsavat" qəzetinin 9-11 sentyabr 2006-cı il tarixli sayında Samux rayon icra Hakimiyyəti başçısının və onun ailə üzvlərinin şərəf və ləyaqətinin təhqiri ilə əlaqədar Samuxun "Yeni Samux" və Xanların "Göy göl" qəzetlərinin şikayətinə baxılıb. "Müasir Müsavat" qəzetinin təmsilçisi müzakirə zamanı iradlarla razılaşıb. Komissiya bununla əlaqədar sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsini nəzərdə tutan rəy çıxarıb.
İclasda "Nüanslar" qəzetinin baş redaktoru Fərhad Əsgərovla Bakı Dövlət Sirki və Qobu qəsəbə uşaq incəsənət məktəbinin direktorları arasında narazılıq yoluna qoyulub.
İclasda "Müasir Naxçıvan" qəzetinin "reket" jurnalistikaya xas fəaliyyəti təhlil olunub.
Komissiya qəzet rəhbərliyinə jurnalist etikası ilə bir araya sığmayan hərəkətlərə son qoymağı tövsiyyə edib. İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin "Sənət qəzeti"nin 1-14 noyabr 2006-cı il tarixli sayında dərc olunmuş "Avropa və biz" sərlövhəli yazı ilə əlaqədar Şuraya müraciəti də müsbət dəyərləndirilib. Bildirilib ki, Şeyxin məktubunda göstərilən məqamların aradan qaldırılması məqsədilə mediada izahat işlərinin gücləndirilməsi vacibdir. Həmçinin həmin yazıya görə müəllifin həbsi heç də məsələnin həlli sayıla bilməz. Hər hansı qrupun, yaşayış yerinin adından ölüm hökmü çıxarılması da ümumbəşəri dəyərlərə ziddir.
Materialın daha iki şikayətlə birlikdə hüquq-mühafizə orqanlarına göndərilməsini məqbul sayıb. Eyni rəy "İnturavto" ASC İdarə Heyətinin sədri Aydın Heydərovun "Xural" qəzeti ilə bağlı müraciətinə də şamil edilib.