Noyabrın 27-də Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin 1 saylı ərazi şöbəsinə Cəlilabad rayonu Axtaxana kəndi ərazisində bəbirin ov tüfəngi ilə vurulması barədə məlumat daxil olub.
Trend Nazirliyə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, bəbir noyabrın 25-də kənd sakini R.Sadıqov tərəfindən öldürülüb.
Hadisə kənd sakini İ.Abdullayevə məxsus torpaq sahəsində qoyun otaran zaman baş verib.
Səhər saat 05.00-06.00 radələrində öldürülmüş bəbir saat 17-00 radələrinədək həmin sahədə qalmış, sonradan bundan xəbər tutan Cəlilabad rayonu Kəvüzbulaq kənd sakini M.Nağıyev tərəfindən götürülərək aparılıb və dərisi soyulub.
R.Sadıqovdan qanunsuz olaraq bəbirin ovlanmasında istifadə olunmuş "Tula" markalı ov tüfəngi, M.Nağıyevdən isə qanunsuz olaraq əldə etdiyi bəbirin soyulmuş dərisi aşkar edilib. Saxlanılmış şəxslər ətraf mühitə 3300 AZN manat məbləğində ziyan vurublar.
Bəbirin bu nadir növü Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil edilib.