...

Teleradio Şurasının sədri: "Telekanal rəhbərlərinə müraciət etmişdim ki, Səddamın edamı kimi hadisələri göstərərkən təsvirdən çox xəbərə üstünlük versinlər"

Cəmiyyət Materials 24 Yanvar 2007 13:16 (UTC +04:00)

"Səddam Hüseynin edam səhnəsinin efirdə verilməsi məsələsini Teleraio Şurası müzakirə edib. Telekanallar uşaqların hüquqlarının qorunması ilə bağlı qaydaları məcburən yerinə yetirməlidir, əgər qaydalar gözlənilməsə, xəbərdarlıq ediləcək, cərimələr də tətbiq oluna bilər". Bu fikirləri Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O, S.Hüseynin edam səhnəsinin telekanallarda nümayiş etdirilməsindən sonra Azərbaycanda iki uşağın özünü asmasına münasibətini bildirərkən qeyd edib ki, Teleradio Şurası bu yaxınlarda telekallara müraciət göndərib: "15 gün əvvəl respublika ərazisində yayımlanan telekanalların hamısına uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi bir məktub göndərdik. Uşaq hüquqları ilə bağlı qəbul edilmiş beynəlxalq Konvensiyaların çoxuna Azərbaycan da qoşulub. Ona görə də telekanallardan tələb edildi ki, kriminal verilişlərdə uşaqların adlarının çəkilməsi, özlərinin efirdə göstərilməsi, ümumiyyətlə, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı məsələlərə diqqətlə yanaşsınlar. Bundan başqa biz 2006-cı ilin mart ayında yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı xüsusi Qaydalar qəbul etmişik. Bu qaydalar telekanalların hamısına göndərib və yerinə yetirilməlidir".

N.Məhərrəmli əlavə edib ki, Səddam Hüseynin edam səhnəsi dünya ölkələrinin əksəriyyətində telekanllarda yayımlanıb, başqaları ilə müqayisədə Azərbaycanda daha az göstərilib. N.Məhərrəmlinin sözlərinə görə, belə hadisələrin yayımlanmasını tamamilə qadağan etmək də mümkün deyil, çünki bu, dünya miqyasında ictimai maraq kəsb edən hadisədir: "Amma mən telekanal rəhbərlərinə çatdırmışam ki, bu cür hadisələri işıqlandırarkən təsvirdən daha çox xəbərə üstünlük versinlər, görüntülər mümkün qədər azaldılsın. Ümumiyyətlə, bizim Qaydalara görə, dəhşət, qorxulu, erotik filmlər, hipnoz səhnələri, tibbi əməliyyatlar, xəbərlərdə verilən qəddarlıqla döyülmüş, öldürülmüş adamların görüntüsü yalnız axşam saat 11-dən sonra göstərilməlidir. Bu, uşaqların hüquqlarının qorunması ilə bağlı dünyada qəbul edilmiş qaydadır. Uşaqlar saat 11-ə qədər yatmırsa, bu, artıq valideynlərin problemidir"-deyə N.Məhərrəmli vurğulayıb.

O, əlavə edib ki, filmlərin təsnifatlaşdırılması, mübahisəli məsələlərin araşdırılması üçün Teleradio Şurasında ekspert qrupunun yaradılması təklif olunub və bu məsələ indi də gündəmdədir. Şura sədri bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi xaricdən gələn filmlərin reysterini aparır, filmlərin təsnifatlaşdırılması zamanı hansılara uşaqların baxmasının mümkün olub-olmadığı ayırd edilir.

Xəbər lenti

Xəbər lenti