...

Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının İcra komitəsinin sessiyasında iştirak edir

Cəmiyyət Materials 29 Yanvar 2007 15:42 (UTC +04:00)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcra komitəsinin 120-ci sessiyasında iştirak edir. Bu barədə Trend ə Səhiyyə Nazirliyindən məlumat verilib.

İcra komitəsi səhiyyə sahəsində texniki cəhətdən ixtisaslaşmış 34 üzvdən ibarətdir. Üzv-dövlətlər 3 il müddətinə seçilir. Səhiyyə assambleyasının növbəti sessiyasının gündəliyinin razılaşdırıldığı və Səhiyyə assambleyasına təqdim olunmaq üçün qətnamənin qəbul olunduğu Komitənin əsas sessiyası yanvar ayında keçirilir, digəri, daha az davam edən sessiyası isə may ayında, Səhiyyə assambleyasından dərhal sonra inzibati məsələlərin baxılması üçün keçirilir.

İcra komitəsinin əsas funksiyaları Səhiyyə assambleyasının qərar və siyasətinin həyata keçirilməsi, ona məsləhət xidmətinin göstərilməsi və onun işinə ümumi yardımdan ibarətdir.

İndiki iclaslar çərçivəsində ÜST-in İcra komitəsi vərəm, quş və pandemik qrip və s. qarşı mübarizə daxil olmaqla, ictimai səhiyyənin bir sıra problemlərini müzakirə edir. İcra komitəsinin 120-ci sessiyası ÜST-in yeni Baş direktoru Marqaret Çenin çıxışı ilə açılıb. Sessiya 30 yanvar 2007-ci il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, 2006-cı ilin may ayında O.Şirəliyev Cenevrədə Ümumdünya səhiyyə assambleyasının 59-cu sessiyasında, həmçinin Azərbaycanın üzv olduğu ÜST-in icra komitəsinin 118-ci iclasında iştirak edib. Bu iclasda ÜST-in Avropa bürosunun, Lüksemburq və Portuqaliya nümayəndələrinin təklifi ilə və ÜST icra komitəsi üzvlərinin yekdil səsinə əsasən Oqtay Şirəliyev komitənin vitse-prezidenti seçilib. Nazirin səfəri çərçivəsində Azərbaycan və ÜST arasında qarşılıqlı anlaşma haqqında iki illik saziş imzalanıb. Sənədi Oqtay Şirəliyev və ÜST-in Avropa bölgəsi üzrə direktoru Mark Danzon imzalayıb. Sazişə Azərbaycanın səhiyyə sahəsində əsas prioritetlər, islahatlar, istiqamətlər və tədbirlər planı daxildir.

Xəbər lenti

Xəbər lenti