...

Vəkil: "Ramil Səfərovun əməlinə Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi müstəvisindən yanaşmaq lazım idi"

Cəmiyyət Materials 10 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun əməlinin tövsif edilməsində, maddi hüquq normalarının tətbiq edilməsində Budapeşt Apellyasiya məhkəməsi və şəhər məhkəməsi ciddi səhvlərə yol verib. R. Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi İkram Şirinov bildirib ki, hökmdən veriləcək kassasiya şikayətində bu məsələ xüsusi qeyd olunacaq. Şirinov qeyd edib ki, onun əməli qabaqcadan planlaşdırılmış, qəsdən, ağırlaşdırıcı halda və alçaq niyyətlə adamöldürmə kimi tövsif olunub: "İşin faktiki halları, iş üzrə toplanmış sübutlar məhkəmənin gəldiyi nəticənin səhv olduğunu birmənalı təsdiq edir. Onun əməlinin qabaqcadan planlaşdırılması məhkəmə prosesində sübut olunmayıb. Hökmdə cinayətin motivi kimi zərərçəkmişin başqa millətin nümayəndəsi olduğuna görə öldürüldüyü qeyd olunub. Halbuki cinayət işinin materiallarında sübut olunur ki, Ramil Səfərov zərərçəkmişi uzun sürən qeyri-qanuni və əxlaqa zidd hərəkətləri nəticəsində güclü affekt təsiri altında öldürüb. Onun əməli törədərkən hansı vəziyyətdə olması ilə bağlı məhkəmənin gəldiyi nəticə sübutlara deyil, məhkəmənin subyektiv mülahizələrinə əsaslanır. Səfərov barəsində cəza təyin edilərkən onun digər erməni zabitini öldürməyə hazırlıq maddəsi ilə ittiham edilib və həmin ittihamla da cinayətlərin məcmusu qaydasında ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Eyni zamanda məhkəmə istintaqı zamanı ciddi prosessual pozuntulara yol verilib. Qeyd olunan faktların hər biri müzakirə predmetidir və hökmün Ali Məhkəmədə kassasiya qaydasında ləğv edilməsinə əsasdır".

Şirinov Səfərovun əməlinə sırf kriminal kimi yanaşdığını və müdafiəni də məhz bu istiqamətində qurduğunu deyib. Lakin qarşı tərəf R. Səfərovun törətdiyi cinayəti siyasiləşdirib. Onun fikrincə, bu məsələyə yanaşmada səhvə yol verib. Bu səbəbdən də növbəti mərhələdə müdafiənin təşkili zamanı buraxılan səhvlər nəzərə alınacaq: "Qarşı tərəf əvvəlcədən planlaşdırılmış şəkildə məsələyə Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi müstəvisindən yanaşıb. Bizim də Səfərovun əməlinə bu müstəvidən yanaşmamız lazım idi. Növbəti mərhələlərdə biz də bu məsələni mütləq nəzərə alacağıq".

Xəbər lenti

Xəbər lenti