...

"Gündəlik Azərbaycan", "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru barəsindəki hökmdən apellyasiya şikayəti veriləcək

Cəmiyyət Materials 21 Aprel 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmiş "Gündəlik Azərbaycan", "Realnı Azərbaycan"qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Fətullayevin vəkili İsaxan Aşurov şənbə günü bildirib ki, hökmü alandan sonra Apellyasiya Məhkəməsinə şikayət hazırlanacaq və qısa müddətdə apellyasiya şikayəti məhkəməyə təqdim olunacaq. Məhkəmənin qərarını ədalətsiz hesab edən Aşurov həmin qərarın ləğvi üçün bütün instansiyalara müraciət ediləcəyini vurğulayıb.

Vəkil Fətullayevlə görüşmək üçün bazar ertəsi Yasamal rayon məhkəməsinin hakimi İsa İsmayılova ərizə ilə müraciət edəcək. Vəkil həftə ərzində hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.

Fətullayev dünən Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib. O, "Qarabağ gündəliyi" adlı məqalədə xocalıların şərəf və ləyaqətini təhqir etməkdə günühlandırılır.

Aprelin 6-da isə Yasamal rayon məhkəməsi Tatyana Çaladzenin şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Xəbər lenti

Xəbər lenti