...

Azərbaycanlı tələbələrin Türkiyənin ali məktəblərinə qəbul imtahanlarının nəticələri on gün müddətində elan olunacaq

Cəmiyyət Materials 23 Aprel 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanlı tələbələrin Türkiyənin ali məktəblərinə qəbul imtahanlarının nəticələri on gün müddətində elan olunacaq. Bu barədə Türkiyənin Tələbələri Seçim Mərkəzilə birgə aprelin 22-də qəbul imtahanları keçirmiş Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib. Bu il azərbaycanlı tələbələr üçün Türkiyənin 12 ən nüfuzlu ali məktəbində 21 ixtisas üzrə 48 yer ayrılıb. İmtahanlarda 1786 abituriyent iştirak edib ki, bunların da 1597 nəfəri azərbaycan, 189 nəfəri isə rus bölməsi üzrə öz biliklərini sınayıblar.

Türkiyə imtahanların nəticələri barədə məlumatları TQDK-ya göndərən kimi, qəbul olunanların siyahısı həm KİV-lərdə nəşr olunacaq, həm də TQDK-nın internet saytında ( www.tqdk.gov.az ) yerləşdiriləcək.

Türk dili üzrə imtahanı uğurla verib müsahibədən keçmiş tələbələr hazırlıq kursunda oxumadan birbaşa birinci kursa qəbul olunacaq. Müsabiqədən keçən digər tələbələr isə bir təhsil ilinə bərabər olan xüsusi mərkəzlərdə türk dili üzrə hazırlıq kursunda oxuyacaqlar. Tələbələr yataqxana və təqaüdlə təmin olunacaq.

TQDK-dan həmçinin məlumat verilib ki, Türkiyənin ali məktəblərinə qəbul olunan tələbələr 2007/2008-ci tədris ilində Azərbaycan ali məktəblərinə qəbul imtahanında iştirak etmək hüququndan məhrum olacaqlar.

Xəbər lenti

Xəbər lenti