Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə günü yayım üçün lisenziya müddəti uzadılan ANS telekanalı lisenziya haqqını yeni qiymətlə ödəyəcək. Bu barədə Milli Teleradio Şurasından məlumat verilib.
ANS şirkətinə üç lisenziya verilir - televiziya, radio və əlavə informasiya yayımı üçün lisenziya. Hər bir lisenziyanın dəyəri 11 min yeni Azərbaycan manatıdır. ANS ümumilikdə 33 min manat lisenziya haqqı ödəməlidir. Lisenziya altı illiyə verildiyi üçün telekanal altı il ərzində heç bir lisenziya haqqı ödəməyəcək.
Teleradio Şurasından bildirilib ki, Azərbaycanda bir lisenziya üçün 11 min manat məbləği ödəyən ilk yayımçılar kabel televiziyaları olub. ANS isə yeni lisenziya məbləğini ödəyən ilk telekanaldır.
Xatırladaq ki, Azərbaycanda indiyədək teleradio yayımı üçün lisenziya haqqının məbləği çox aşağı olub. Bunu nəzərə alaraq Teleradio Şurası yeni qiymətlərin təyin olunması üçün Nazirlər Kabinetinə müraciət edib və yeni qiymətlər müəyyənləşib.