...

Tabor komandiri qaçaqmalçıyla əlbir olub

Cəmiyyət Materials 30 Aprel 2007 17:28 (UTC +04:00)

Baku, 30 aprelə /TrendLife müx. E.Cavadova/ Bəzən Azərbaycanın sərhədləri heç də biz fikirləşdiyimiz kimi, etibarlı əllərdə olmur. Gözdən uzaq olduqlarını zənn edən bəzi həbrçilər bundan istifadə edərək öz tamahkar niyyətlərini çox rahat şəkildə həyata keçirirlər. Məsələn, elə Qazax rayonundakı N saylı hərbi hissnin tabor komandiri İmdad Talıbov kimi. Məhz bu tabor komandirinin himayəsi ilə Qazaxın Kəmərli kəndi ərazisindəki sərhəddən Gürcüstana külli miqdarda nərə balığı keçirilib.

Aprelin 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Qazax rayonundakı N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun komandiri mayor İmdad Mehman oğlu Talıbovun, həmin taborun tərbiyyəvi işlər üzrə komandir müavini kapitan İlqar Əkrəm oğlu Əzizovun və vətəndaş Allahverdi Alyoşa oğlu Yolçuyevin məhkəməsi başlayıb. Tabor komandiri ilə müavininə qaçaqmalçıya şərait yaratmalarına görə, vətəndaş Allahverdi Yolçuyevə isə qaçaqmalçılıq yolu ilə sərhəddən balıq keçirməsinə görə ittiham verilib.

Məhkəmədə ifadə verən tabor komandiri İmdad Talıbov göstərib ki, ötən il noyabrın 12-də Qazax rayonunun Kəmərli kəndində yerləşən taborun qərargahındakı xidməti otağında müavini İlqar Əzizovla vətəndaş Allahverdi Yolçuyevə həmin taborun mühafizə etdiyi ərazidən nərə balığı keçirərək Gürcüstana aparmasına şərait yaradılmasını müzakirə edib. Təbii ki, bu şərait rüşvət müqabilində yaradılacaqdı. Belə ki, vətəndaş taborun mühafizə etdiyi ərazidən keçirəcəyi nərə balığına görə komandirə 250 ABŞ dolları və 50 AZN ödəyəcəkdi. Beləliklə, razılıq əldə ediləndən sonra tabor komandiri özünə məxsus maşınla taborun mühafizə etdiyi sahəyə gedərək nərə balığının keçirilməsinə görə baş verə biləcək hər hansı maneənin qarşısını almaq məqsədilə həmin postda xidmət edən əsgər Əliyev Vəfalı Ağasən oğlunu aldadaraq başqa istiqamətə göndərib. Beləliklə, Allahverdi Yolçuyev komandirə verdiyi rüşvət müqabilində 120 kiloqram çəkidə olan nərə balığını sərhəddən maneəsiz keçirməyə müvəffəq olub. Tabor komandiri aldığı rüşvəti öz müavini ilə qardaşcasına bölüşdürüb. Həmin püldan 150 ABŞ dollarını müavininə verib, 100 dollar və 50 manatını isə özünə götürüb.

Qeyd edək ki, tabor komandirinin müavini İlqar Əzizov qaçaqmalçılıq cinayəti ilə yanaşı daha bir neçə epizodla təqsirli bilinir. Bütün epizodlar taborda xidmət keçən əsgər İbrahimov Elman Salman oğlu ilə əlaqədardır. Belə ki, tabor komandirinin müavini əsgəri məzuniyyətə buraxmaq üçün ondan külli miqdarda rüşvət alıb.

Məhkəmədə zərərçəkmiş və şahid qismində ifadə verən Elman İbrahimov da bunu təsdiqləyib. O ifadəsində göstərib ki, ötən il oktyabrın 5-də kapitan İlqar Əzizova yaxınlaşaraq məzuniyyətə getmək istədiyini bildirib. İlqar Əzizov əsgəri 10 günlük məzuniyyətə buraxmaq üçün 500.000 manat, əlavə 5 günlük məzuniyyət üçün isə 250.000 manat tələb edib. Əsgər oktyabrın 16-da məzuniyyətə buraxılıb və 15 gündən sonra tələb olunan məbləğlə birlikdə hərbi hissəyə qayıdıb. Bundan əlavə, əsgərin anası Mahirə İbrahimova İlqar Əzizovun xahişi ilə sonuncunun telefonuna dəfələrlə 100.000 manatlıq (köhnə manat) kontur yükləyib.

Əsgərin ifadəsindən: "Ötən ilin noyabrında Əzizovun hərəkətlərinin üstü açıldı və məndən izahat alındı. Mən hər şeyi olduğu kimi yazdım. Bundan əsəbiləşən Əzizov məni hərbi hissənin tibb məntəqəsinə apararaq qarnıma yumruq ilişdirdi və bildirdi ki, taleyi mənim izahatımdan asılıdır, əgər mən izahatımı dəyişməsəm, onu həbs edəcəklər. Məndən izahatımı dəyişməyimi tələb etdi. Lakin mən bildirdim ki, artıq hər şeyi olduğu kimi yazmışam, izahatımı dəyişə bilmərəm".

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti