...

AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Azərbaycanda Soyqırım Muzeyi yaradılmalıdır"

Cəmiyyət Materials 2 May 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Soyqırım Muzeyi yaradılmalıdır. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili qeyd edib ki, gələn il 1918-ci il hadisələrinin 90 ili tamam olur. Ona görə də Azərbaycan bu hadisələrin ildönümünə çox ciddi şəkildə hazırlaşmalıdır, bu qanlı hadisənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında hər bir vətəndaş əlindən gələni və gəlməyəni əsirgəməməlidir: "Hesab edirəm ki, Soyqırım Abidəsi ucaldılmalıdır, Soyqırım Muzeyi təşkil edilməlidir. Biz həmçinin Qubada və Neftçalada tapılmış məzarlıqlarla bağlı xüsusi bir dövlət komissiyasının yaradılmasına nail olmalıyıq. Çünki bu işlə məşğul olan alimlərimiz bildirir ki, sözügedən yerlərdə kütləvi qırğınların olması barədə tarixi sənədlər mövcuddur. Ona görə də heç şübhəsiz ki, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar və bu vandalizm aktları nəticəsində əmələ gəlmiş toplu məzarlıqlar ətraflı araşdırılmalı və yekun rəy ortaya qoyulmalıdır". Nümayəndə heyətinin üzvü deyib ki, bundan sonra Azərbaycan bu yekun rəyi həm dünya ictimaiyyətinə, həm beynəlxalq təşkilatlara, həm də Avropa Şurasına, onun müvafiq qurumlarına təqdim etməlidir.

Paşayevanın sözlərinə görə, bir müddət öncə Türkiyədə olarkən ermənilərin türklərə qarşı törətdikləri kütləvi qətliamları əyani şəkildə göstərən muzeylərin olduğunun şahidi olub. Həmin muzeylərdə ermənilər tərəfindən qəddarcasına qətlə yetirilmiş insanların sümükləri nümayiş olunur. Həmçinin, Türkiyədə aşkar olunmuş toplu məzarlıqların görüntülərini özündə əks etdirən filmlər çəkilib və onlar mütəmadi olaraq nümayiş olunur: "Yəni demək istəyirəm ki, kütləvi qətliamların xüsusi araşdırılma metodları var və təbii ki, biz də bu faciələrin, cinayət aktlarının gələcəkdə dünya ictimaiyyətinə çatdırılması baxımından bu metodlardan yararlanmalıyıq. Eyni zamanda, yaradılacaq Soyqırım Muzeyi vasitəsilə həm gələcək nəsillərimizi, həm də Azərbaycana səfər edən insanları Azərbaycanın üzləşdiyi faciələrlə daha yaxından tanış etmək olar".

Onun fikrincə, bu baxımdan istər Qubada və Neftçalada tapılmış toplu məzarlıqların yüksək səviyyədə təhqiqatı üçün dövlət komissiyasının yaradılması, istərsə Soyqırım Abidəsinin, Soyqırım Muzeyinin yaradılması, istərsə də toplu məzarlıqların görüntülərini əks etdirən sənədli filmlərin çəkilməsi məsələsində gecikməməliyik: "Bu məsələdə heç cür yubanmaq olmaz".

Xəbər lenti

Xəbər lenti