...

Ağəli Alışovun vəkili: "Moskvada erməni və azərbaycanlı gənclərin davası ilə bağlı cinayət işi açılacaq"

Cəmiyyət Materials 4 May 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Moskvada Xalqlar Dostluğu İntitutunda keçirlən bayram tədbiri zamanı erməni və azərbaycanlı gənclər arasında baş vermiş münaqişə zamanı Ağəli Alışova odlu silahdan atəş açılması faktı ilə bağlı cinayət işi açılacaq. Bu barədə cümə günü Trend ə A.Alışovun vəkili Namiq Əzimov açıqlama verib.

Qeyd edək ki, baş vermiş hadisədən sonra A.Alışova vəkil tutulub. Vəkil Namiq Əzimov bildirib ki, bu günədək hadisə ilə əlaqədar hələ cinayət işi açılmayıb. Vəkilin sözlərinə görə, Moskva milis idarəsində münaqişə ilə bağlı ibtidai istintaq aparılır və lazımi materiallar toplanılır. N.Əzimov qeyd edib ki, hələ cinayət işi qaldırılmadığına görə şahidlər də dindirilmir: "Qanuna görə, hadisə baş verəndən sonra 10 gün ərzində cinayət işi açıla bilər. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı cinayət işi qaldırılacaq".

Vəkil bildirib ki, münaqişədən sonra üstündə silah olan 5 nəfər gənc saxlanılıb. Onlardan biri erməni, qalanları çeçen və Cənubi Qafqazdan olan digər millətlərin nümayəndələri olub. Həmin beş nəfərin silahı alınıb və özləri sərbəst buraxılıb, lakin onlar milisin nəzarəti altındadırlar. Vəkilin bildirdiyinə görə, hazırda hüquq-mühafiə orqanları Alışova hansı silahdan atəş açıldığını müəyyənləşdirir. Həmin silahın sahibi müəyyən edildikdən sonra ona qarşı cinayət işi açılacaq. Cərrahiyyə əməliyyatı zamanı Ağəli Alışovun ayağından çıxarılan güllə artıq ekspertizaya göndərilib.

Vəkil əlavə edib ki, Ağəlinin valideynləri bu gün Moskvaya onun yanına gəliblər. Xəstənin vəziyyəti hazırda normaldır.

Xatırladaq ki, A.Alışov Azərbaycan Respublikasının vətəndaşıdır. Mayın 1-də Moskvada, Xalqlar Dostluğu İntitutunda keçirlən bayram tədbirində ermənilərin Dağlıq Qarabağdakı separatçı rejimin təbliğatını aparması azərbaycanlı gənclərin etirazına səbəb olub və nəticədə əlbəyaxa dava başlanıb. A.Alışova odlu silahldan atəş açılıb.

Xəbər lenti

Xəbər lenti