Azərbaycan, Bakı, 23 may /müx. "TrendLife" Eldar Hüseynzadə/
Minskdə Azərbaycan Mədəniyyəti Günlərinə həsr olunmuş təntənəli konsert proqramı keçirilib. "TrendLife"ın verdiyi məlumata görə, tədbiri Azərbaycanın və Belarusun mədəniyyət və turizm nazirləri Əbülfəz Qarayev və Vladimir Matveyçuk təşkil edib. Tədbir Belarus prezidenti Aleksandr Lukaşenkonun göndərdiyi təbrik məktubu ilə açılıb. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq İnstrumental Ansamblı tədbiri maraqlı edib. Bundan başqa tədbirdə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Aygün Bayramova, Teyyub Aslan, Faiq Ağayev, Aygün Kazımova çıxış ediblər. Ən çox yadda qalan "Azərbaycan" mahnısının birlikdə oxunması olub. Həmçinin Boburuysk və Minsk şəhərlərində olan milli tarix muzeylərində müasir Azərbaycan incəsənətini əks etdirən sərgilərin keçirilməsi planlaşdırılıb.