...

Ədliyyə nazirinin müavini: "Amnistiya Aktı 700-ə yaxın məhkuma tətbiq olunub"

Cəmiyyət Materials 5 İyun 2007 11:46 (UTC +04:00)
Ədliyyə nazirinin müavini: "Amnistiya Aktı 700-ə yaxın məhkuma tətbiq olunub"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə qəbul olunmuş Amnistiya Aktı 700-ə yaxın məhkuma tətbiq olunub. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında bildirib ki, həmin məhkumlar azadlığa buraxılıblar. Amnistiya tətbiq olunan məhkumların 7-si əcnəbi vətəndaşlardır. Onların sırasında İran, Rusiya və Ukraynadan olan məhkumlar var. Nazir müavini Amnistiyanın təsirinə düşəcək əcnəbi məhkumların dəqiq sayının hələlik müəyyənləşdirilmədiyini deyib. Azad olunmuş məhkumlardan 1-i uşaq, 12-si isə qadınlardır. İndiyədək bu aktla azadlığa buraxılan məhkumlar cəzasının başa çatmasına 6 ayadək müddət qalanlardır.

Ələkbərov Amnistiya Aktının təsir dairəsinə düşəcək məhkumların dəqiq sayının hələlik müəyyənləşdirilmədiyini deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinin rəhbərliyi aidiyyatı instansiyalara sorğular göndərib. Həmin sorğular cavablandırılandan sonra Amnistiya ilə azad olunacaq məhkumların sayı müəyyənləşdiriləcək. Amnistiya Aktının 3 ay müddətində icrası nəzərdə tutulub.

Sonuncu "Amnistiya haqqında" qanun 1995-ci ildən bəri verilən 8-ci Amnistiya Aktıdır. Bu qanun təqribən 9000-dək şəxsə şamil olunacaq, 1500-dək məhkumun azad olunacağı nəzərdə tutulub.

Bundan əvvəl Amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanıb. 14 min nəfərə şamil edilmiş həmin sənədə əsasən, 3400 məhkum azadlığa buraxılıb, 2200 məhkumun cəzası yüngülləşdirilib, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 adam cəzadan azad edilib, 2 min adama münasibətdə cinayət təqibinə xitam verilib. İndiyə qədər verilmiş 7 Amnistiya Aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. 40-dan yuxarı Əfv Fərmanı ilə 4.378 şəxs bağışlanaraq müxtəlif cəzalardan azad edilib.

Xəbər lenti

Xəbər lenti