Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il Azərbaycanın 34 ali məktəbinin magistr pilləsinə qəbul aparılır. Bu barədə çərşənbə axşamı Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Qəbul aparılan yerlərdən 25-i dövlət, 9-u isə özəl ali məktəblərdir.
Ümumi qəbul planı 4520 (ötən il bu göstərici 4360 olub) yerdən ibarətdir. Azərbaycan bölməsi üzrə 3528 yer (ötən il 3085), rus bölməsi üzrə 548 yer (ötən il 673), birgə müsabiqə aparılan ixtisaslar üzrə 444 yer (ötən il 602) ayrılıb.
Plan yerlərinin 4113-ü dövlət ali məktəblərinə, 407 yer isə özəl ali məktəblərə aiddir. Plan yerlərinin 1852-si (ötən il 1737) ödənişsiz, 2668-i isə (ötən il 2623) ödənişli əsaslarladır.
Bu il bakalavrlar 79 proqram üzrə (ötən il 171) imtahan verəcəklər. Respublika üçün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müvafiq olaraq xarici ölkələrin təhsil müəssisələrində magistr dərəcəsi alacaq gənclərin seçimi ilə əlaqədar TQDK tərəfindən müsabiqə elan edilir.
Müsabiqədə 29 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.