Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Orta məktəblərdə mərkəzləşdirilmiş vahid test imtahatları gələcəkdə həm də ali məktəblərə qəbul imtahanı ola bilər. Bu barədə çərşənbə axşamı mətbuat konfransı keçirən Azərbaycanın təhsil naziri Misir Mərdənov açıqlama verib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycan cəmiyyəti buna hazır deyil. Lakin gələcəkdə orta məktəbin buraxılış imhatanı həm də ali məktəblərə qəbul imtahanı sayıla bilər. Mərdanov qeyd edib ki, bu üsulun tətbiqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvi demək deyil: "Əksinə, həmin imtahanı elə TQDK keçirməlidir. Çünki TQDK imtahanların təşkilində təcrübəsi olan, bütün müasir avadanlıqlara malik bir dövlət qurumudur. Vahid imtahan TQDK-nın fəaliyyətini genişləndirə bilər" - deyə nazir vahid imtahanın rüşvətə yol açacağı barədə deyilənlərlə razılaşmadığını da bildirib.
Mərdanov qeqd edib ki, çərşənbə axşamı Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda, İmişli, Bakının Xətai, Səbail rayonlarında və Sumqayıt şəhərində 167 orta məktəbdə mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 13 min 19 nəfər şagird iştirak edib. 474 şagird illik nəticələrinə görə imtahanlara buraxılmayıb.
Nazir mərkəzləşdirilmiş test imtahanlarının baş tutduğunu və cəmi 10 saat ərzində nəticələrin açıqlandığını deyib. Nazirin sözlərinə görə, imtahanlara buraxılmayan şagirdlər attestat almayacaqlar, lakin onlar gələn il təkrar imtahat verə bilərlər.
Nazir onu da diqqətə çatdırıb ki, orta məktəblərdə buraxılış imtahanlarının qiyməti şagirdin 11 il ərzindəki, xüsusilədə 11-ci sinifdə illik qiymətiləri ilə uyğunlaşdırılaraq attestat qiymətləri yazılacaq.