...

Qulu Məhərrəmli: "Rusiyanın heç olmasa bir telekanalının Azərbaycanda yayımlanmasını məqsədəuyğun hesab edirəm"

Cəmiyyət Materials 7 İyun 2007 11:46 (UTC +04:00)
Qulu Məhərrəmli: "Rusiyanın heç olmasa bir telekanalının Azərbaycanda yayımlanmasını məqsədəuyğun hesab edirəm"

Azərbaycan Televiziyasının Müəllif proqramları və xüsusi layihələr Departamentinin rəhbəri Qulu Məhərrəmlinin Trend İnformasiya Agentliyinə müsahibəsi

- Qulu müəllim, Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına nə dərəcədə zərurət var?

- Mən hesab edirəm ki, Rusiyanın heç olmasa bir telekanalının Azərbaycanda yayımlanması məqsədəuyğundur. Mən məsələnin siyasi tərəfini bir kənara qoyuram, ümumiyyətlə, Rusiya kanalları Azərbaycan cəmiyyəti üçün həmişə informasiya mənbələrindən biri olub. Doğrudur, Rusiya kanallarında bizi narazı salan məqamlar da olub. Amma biz ölkəmizdə hələ ki Rusiya mədəni mühitini hiss edirik. Bu mühitin dəyişməsi üçün müəyyən bir dövr - təxminən 20-25 il vaxt lazımdır. Rusiya kanallarının Azərbaycanda yayımlanmasına faciə kimi baxmaq lazım deyil. Əksinə, mən bunu normal hesab edirəm.

Azərbaycan Televiziyası kabel vasitəsilə Türkiyədə yayımlanır. Rusiyada da Azərbaycan Televiziyası kimə lazımdırsa, peyk vasitəsilə onu axtarıb tapır. Rusiyada azərbaycanlıların "İnteraz" telekanalı var və o, AzTV-nin bir çox verilişlərini yayımlayır. Amma bu proseslər bir qədər kortəbii və nizamsız baş verir, halbuki bütün bunlar müəyyən bir hüquq çərçivəsində, qarşılıqlı anlaşma şəraitində olmalıdır.

- Rusiyada qarşılıqlı yayım üçün məhz AzTV-nin seçilməsi sizcə, ən optimal variantıdr?

- Ümumiyyətlə, müasir standartlarla yanaşsaq, bizim telekanalların heç biri onlara alternativ ola bilməz. Yəni, bizim elə bir kanalımız yoxdur ki, onu bütün Rusiya ərazisinə yayaq. Əgər biz gələcəkdə "RTR-Planeta" tipli bir kanal yarada bilsək, onu təkcə Rusiyada yox, Avropa ölkələrində də qarşılıqlı şəkildə yayımlaya bilərik.

AzTV-yə gəldikdə isə təbliğat baxımından bizim digər yerli kanallardan müəyyən üstünlüyümüz var. Nəzərə alaq ki, Rusiya kanallarının Azərbaycanda yayımlanması həm də bu dövlətin, onun siyasətinin təbliği deməkdir. Həmçinin Rusiya tamaşaçısı da əgər Azərbaycanın dövlət siyasəti, hakimiyyətin hansı kurs yürütməsi kimi məsələlərlə maraqlanırsa, həmin məlumatları AzTV-dən ala bilər. Bax, bu baxımdan mən hesab edirəm ki, Rusiyanın RTR kanalının yayımının müqabilində həmin ölkədə bəli, məhz AzTV yayımlanmalıdır. Amma mən istərdim ki, Azərbaycanda güclü İctimai Televiziya olsun və gələcəkdə xarici ölkələrin ərazisinə də həmin kanal yayımlansın.

- Rusiyada yayımlanacağını nəzərə alaraq AzTV-nin verilişlərində nə kimi dəyişikliklər ediləcək?

- Əgər Rusiya ərazisində açıq yayım olacaqsa, o zaman AzTV-də yayımın spesifikası, saatı, coğrafiyası mütləq nəzərə alınacaq. Hazırda AzTV-də bir sıra yeni layihələr, yeni proqram şəbəkəsi hazırlanır. Onu bilirəm ki, hazırda bu sahədə çox ciddi proseslər gedir. Doğrudur, bu işlər yerli auditoriya üçün nəzərdə tutulub, amma fikrimcə, rusiyalı tamaşaçılar üçün də maraqlı olacaq.

Mənim bildiyimə görə, Rusiyada yayımın göstəricisi 90 faizdir.

Çünki RTR, ORT Azərbaycanın hər yerinə yayımlanır. Mən ümumiyyətlə, bu qarşılıqlı yayım məsələsində hər şeyin ideal həll olunacağını illüziya sayıram. Məsələn, mən zənn etmirəm ki, rus tamaşaçısı üçün bu qədər kanal bolluğu içərisində Azərbaycan telekanalı böyük maraq kəsb etsin. Amma Rusiyada yaşayan azərbaycanlılar üçün, ölkəmizin dostları üçün, Azərbaanda gedən dinamik prosesləri izləmək istəyənlər üçün bu kanal maraqlı və əhəmiyyətli ola bilər.

- Bəs həmin azərbaycanlılar üçün hesablanmış verilişlər hazırlanacaq? Həmçinin rus dilində proqramlar ola bilərmi?

- AzTV-nin rus dili ilə bağlı verilişlər ənənəsi bu gün də davam edir. Bizdə xüsusi olaraq rus dilində informasiya buraxılışı var - "Novosti" proqramı müntəzəm şəkildə efirə gedir. Biz bu verilişi daha çox Azərbaycanda yaşayan ruslar üçün nəzərdə tuturuq.

Öz həmvətənlərimizə gəldikdə isə AzTV-nin efirində xaricdə yaşayan azərbaycanlılarla bağlı xüsusi verilişlər var. Rusiyada, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həyatı, problemləri həmin proqramda öz əksini tapır.

- Milli Teleradio Şursının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanla Rusiya arasında qarşılıqlı telekanal yayımının müvəqqəti olacağını deyir. O, hesab edir ki, həm dünya təcrübəsində belə hal yoxdur, həm də kabel televiziyası inkişaf etdiyindən insanlar artıq yüzlərlə telekanalı izləyə bilirlər.

- Mən hesab edirəm ki, bu işin bünövrəsi başlanğıcdan düzgün qoyulmayıb. Yəni, mən əvvəlcə telekanalın yayımına qadağa qoyuram, sonra da şərt irəli sürürəm ki, sən ölkəndə mənim proqramlarımı yayımla. Nuşirəvan müəllim o mənada haqlıdır ki, dünyada belə təcrübə çox yayılmayıb. Amma məsələnin bu cəhəti də var ki, bizim Rusiya ilə münasibətlərimizdə bir çox spesifik məqamlar var. Digər tərəfdən bizim təbliğat istiqamətlərimiz Rusiya dövlətinin təbliğatından əsaslı şəkildə fərqlənir. Azərbaycanın özünə görə xarici siyasəti, apardığı tədliğatı, özünəməxsus siyasi kursu var və bunlar bütün formatına görə Rusiyadan fərqlənir. Ona görə mən hesab edirəm ki, rus kanallarının Azərbaycanda yayımının müqabilində bizim kanalların da Rusiyada yayımlanması şərtini qoymaq düzgün deyil.

- Qarşılıqlı yayım zamanı Rusiya telekanalı Azərbaycanın milli maraqlarına zidd informasiyalar, proqramlar yayımlayarsa, bu iş necə tənzimlənəcək?

- Təəssüf ki, belə hallar dəfələrlə olub və Azərbaycan hər dəfə öz kəskin etirazını bildirib. Biz bu yaxınlarda RTR-də olarkən həmin məsələni kanal rəhbərliyinin diqqətinə çatdırdıq. Bildirdik ki, Rusiya əvvəlki SSRİ deyil və onun proqramları bütün dünyaya yayımlanır, ona görə də verilişlərində balansla bağlı standartları nəzərə alınmalıdır. Qarabağla, Naxçıvanla bağlı buraxılmış səhvləri Rusiya telekanallarının rəhbərliyi də etiraf edib. Əgər belə hallar təkrarlanarsa, onun qarşısı mütləq alınmalıdır.

Amma problemin kökü ondadır ki, biz Rusiyanın və digər ölkələrin telekanalları ilə pis əməkdaşlıq edirik. Biz yalnız belə hadisələr olanda ona reaksiya veririk. Amma Azərbaycan telekanalları mütləq qonşu dövlətlərin kanalları ilə sıx əməkdaşlıq etməlidir. Təkcə baş verəcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün yox, bütünlükdə Azərbaycanı tanıtmaq, əlaqələrimizi yüksək səviyyədə qurmaq üçün bu əməkdaşlıq vacibdir. Mən əminəm ki, əgər belə bir əməkdaşlıq olsa, bu cür xoşagəlməz hadisələr baş verməyəcək. Biz televiziya vasitəsilə də bədxahlarımızı zərərsizləşdirməli, dostlarımızın sayını artırmalıyıq.

Xəbər lenti

Xəbər lenti