Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında ona verilən yeməklərdən imtina edib. Bu barədə cümə günü Trend ə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məlumat verib. Behbudov bildirib ki, bu gün Fətullayevlə görüşüb, onun saxlandığı kamerya baxış keçirib: "Səhər yeməyinə yağ ilə sıyıq, nahara noxud supu, ətli borş, şama isə kələm salatı ilə qarabaşaq verilir. Fətullayev ona verilən yeməklərdən imtina edib, bu yeməkləri yemək istəmədiyini bildirib. Onun bu yeməklərdən imtina etməsi ilə ac-susuz saxlanılması tamamilə fərqli məlumatlardır. Saxlandığı kamera iki adamlıqdır. Kamera yoldaşı narkotika cinayətinə görə saxlanılan şəxsdir. Kamerada daimi su var. Onun yataq yerinə baxdım. Fətullayev ona verilən döşəkdən imtina edib. Sonra təcridxanaya verilən təzə yataq ləvazimatı ilə təmin olunub". Behbudov Fətullayevin səhhəti ilə bağlı probleminin olmadığını, həkim nəzarətində saxlanıldığını, ona qarşı fiziki təzyiqlərə yol verilmədiyini bildirib: "Eynulla Fətullayev bildirdi ki, guya müstəntiq deyib ki, Fətullayev İran prezidenti Mahmud Əhmədinejaddan Azərbaycanı bombalatmasını xahiş edib. Bununla bağlı ona sual verilib. Mən MTN-də bu məsələni araşdırdım. Mənə bildirdilər ki, Fətullayevə belə bir sual verilməyib. Fətullayev vəkillərinin iştirakı ilə dindirilib və dindirmə lentə yazılıb".
Görüşdən sonra Behbudov milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb. Komitə sədri Fətullayevin cavanlığının nəzərə alınmasını və etdiyi səhvin bağışlanmasını xahiş edib. Apellyasiya Məhkəməsində keçirilən prosesdə Fətullayev ona MTN-in İstintaq Təcridxanasında yemək verilmədiyini, 9 gündür ac-susuz olduğunu, döşəksiz dəmir çarpayıda yatdığını bildirib. Həyatı üçün yaranan təhlükə ilə bağlı hakimdən tədbir görülməsini xahiş edib.