Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin Qazaxıstan sahilində suiti cəsədlərinin artması ilə bağlı Xəzərin Azərbaycan hissəsində monitorinq aparıb. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, monitorinq zamanı Xəzərin Azərbaycan hissəsində suiti cəsədinə rast gəlinməyib.
Bu il Xəzərin Qazaxıstan sahilində 592 suiti cəsədinə rast gəlinib ki, bunun da 90%-ni bala suitilər təşkil edib. Qazaxstanda suiti cəsədlərinin daxili orqanlarından götürülmüş nümunələrin laboratoriya təhlili nəticəsində ağır metalların, duzların, pestisidlərin artıq qatılıqları müəyyən olunmayıb. Dəniz suyunun tədqiqi zamanı isə suda neft məhsullarının olmadığı aşkar edilib. İlkin laboratoriya analizinin nəticəsinə görə, suitilərdə taun xəstəliyi müəyyən edilib.
Xəzər dənizinin Azərbaycanın iqtisadi ərazisində Xəzər suitisinin və digər fauna növlərinin qorunması və bərpası məqsədilə Bakının Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron yarımadasının cənub-şərq qurtaracağında-Şah Dili ərazisində Abşeron Milli Parkı yaradılıb. Milli Park ərazisində Xəzər suitilərinin mühafizəsi üçün ETSN müvafiq tədbirlər görür.