...

İlqar İbrahimoğlu: "Britaniya Kraliçasının islama həqarətlə yanaşan şəxsi mükafatlandırması iddia etdiyi yüksək sivil dəyərlərə uyğun gəlmir"

Cəmiyyət Materials 18 İyun 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İslam dininə həqarətlə yanaşan yazıçı Salman Rüşdünün Böyük Britaniya Kraliçası tərəfindən "Cəngavər ordeni" ilə təltif edilməsi islamofobiyanın genişlənməsinə rəvac verən addımdır. Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) koordinatoru, din xadimi İlqar İbrahimoğlu bu barədə açıqlama verib.

O qeyd edib ki, Kraliça Böyük Britaniyanı simvolizə edən, bu ölkənin ictimai rəyini, ümumi durumunu özündə ifadə edən bir şəxsdir: "Belə olan halda Kraliçanın Salman Rüşdünü yüksək mükafatla təltif etməsi tam emosiyasız və soyuqqanlı şəkildə ifadə etsək - qeyri-korrekt, yanlış hərəkətdir. Bu addım Kraliçanın iddia etdiyi yüksək sivil dəyərlərə uyğun gəlmir" -deyə İbrahimoğlu bildirib.

O xatırladıb ki, ötən il islam peyğəmbərinə qarşı karikaturadan, Papanın islam dininə qarşı yanlış fikirləri, həmçinin C.Buşun islamofaşizm ifadəsini işlətməsindən sonra dünyada ciddi şəkildə islamafobiya meylləri artmaqdadır. Britaniya Kraliçasının da mövqeyi ciddi təəssüf yaradır. İbrahimoğlu qeyd edib ki, bu hərəkətlər islamafobiyanı stimullaşdırır.

İbrahimoğlu əlavə edib ki, Türkiyənin çoxsaylı dəyərli yazarları olduğu halda, məhz milli dəyərlərinə hörmətsiz yanaşan Orxan Pamuka "Nobel" mükafatının verilməsi də islama qarşı yönəlmişdi: "Bununla bəzi Qərb dairələri sanki dünyaya bəyan edir ki, öz milli, dini dəyərlərinə, islama qarşı çıxan şəxsləri belə təşviq edəcəyik. Belə hərəkətlər Qərbin müəyyən antiislam dairələrini islam dininə qarşı daha da aqressivləşməsinə bəhanə verəcək, həmçinin müsəlmanları təxribata çəkəcək. Ona görə də müsəlmanlar çox diqqətli olmalı, bəxi islamafob qüvvələrin bu cür əməllərinə intellektual, sivil, soyuqqanlı şəkildə etirazlar bildirməli, onlara bəhanə verməməlidir".

Xəbər lenti

Xəbər lenti