Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ ATƏT Yasamal Rayon Məhkəməsinin müxalifətin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun üzərindən böhtan ittihamının götürülməsi ilə bağlı qərarını alqışlayır. Bu barədə ATƏT-in məlumatında göstərilib.
Zahidova qarşı qaldırılan ittiham may ayında "Azadlıq" qəzetində dərc olunan "Daş qayaya rast gəlib" məqaləsi ilə bağlıdır. Məqalə İmişli rayon dəmir yol stansiyasından "Azadlıq" qəzetinə ünvanlanmış məktuba əsaslanıb. Məktubda stansiya rəhbərinin dövlət əmlakından sui-istifadəsi barədə danışılır.
"Əgər Azərbaycan məhkəmələrində Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən istifadə genişlənirsə, biz Azərbaycan mətbuatında söz azadlığı ilə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına əminik" - deyə çərşənbə günü ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Xerrero bəyan edib.
"Biz bu tendensiyanı tamamilə bəyənirik. Avropa Məhkəməsinin qərarı söz azadlığının saxlanılması və fərdin adının qorunması arasında müvafiq balansı təmin edir" - deyə Xerrero bildirib.
Məhkəmə rəhbəri bildirib ki, Azərbaycan insan haqları üzrə Avropa Konvensiyasının iştirakçısıdır və müvafiq olaraq İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. Bu o deməkdir ki, Avropa Konvensiyasının təfsiri daxili məhkəmələrin praktikası nəzərə alınmaqla istifadə olumalıdır.
Strasburq hüquq presedentinə istinad edən məhkəmə belə nəticəyə gəlib ki, "söz azadlığı demokratik cəmiyyətin əsas əlamətlərindən biridir" və "kiməsə toxuna bilən, pərt edən, yaxud rahatsız edən informasiya və ya fikirlər qorunmalıdır".