...

Avropa Birliyinin xüsusi nümayəndəsi QHT rəhbərləri ilə Azərbaycan mediasının durumunu müzakirə edib

Cəmiyyət Materials 21 İyul 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi şənbə günü hüquq müdafiəçiləri, QHT rəhbərləri ilə görüş keçirib. Görüşdə üç qurumun - Qarabağ Şurasının, Avropaya İnteqrasiya Komitəsinin və jurnalist Eynulla Fətullayevin hüquqlarını müdafiə komitəsinin üzvləri - Rasim Musabəyov, İradəBağırova, İlqar Məmmədov, Rəşid Hacılı, Eldar Namazov, Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Şahvələd Çobanoğlu iştirak ediblər.

Görüş barədə məlumat verən Arzu Abdullayeva qeyd ebib ki, əsasən Azərbaycanda medianın durumu, onun problemləri, insan haqları, məhkəmə sistemi barədə müzakirələr aparılıb. Abdullayeva deyib ki, Semnebinin səfərində əsas məqsədlərdən biri medianın durumu ilə tanış olmaq idi. "Piter Semnebi medianın mövcud vəziyyəti barədə məlumatlıdır və o, hazırda yeddi jurnalistin həbsdə olması barədə özü danışırdı. Avropa Birliyinin mətbuat azadlığı ilə bağlı mövqeyini çatdıran Semnebi qeyd etdi ki, heç bir jurnalist yazılarına görə təqib olunmamalı, həbs edilməməlidir. O hesab edir ki, jurnalistlərə etirazlar varsa, başqa üsullarla bildirilməlidir".

Görüşdə Azərbaycan mediasının reklamdan gələn illik gəlirinin cəmi iki milyon dollar təşkil etməsi çox aşağı göstərici kimi qiymətləndirilib.

Abdullayeva əlavə edib ki, hüquq müdafiəçiləri internetin tam olmamasını, televiziyalara vətəndaş cəmiyyəti nümayəndələrinin buraxılmadığını, siyasi motivlərlə həbsdə olanların mövcudluğunu Semnebinin diqqətinə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti