Azərbaycan, Bakı, 31 iyul \müx.TrendLife Eldar Hüseynzadə/Cazmen Salman Qəmbərov bu yaxınlarda Montredə keçirilən 41-ci festivaldan qayıdıb. O, orda ustad dərsləri verib. Bu gün isə müsahibəmiz Salman Qəmbərovdur.
- Salman müəllim, mümkünsə Montredəki festival barədə danışardınız.
- Bu, Montredə keçirilən 41-ci festival idi. Əgər bütün dünyada üç ən iri festival varsa, onlardan biri də budur. Montredəki festival əsl musiqi bayramı idi. Bu il bir az dəyişiklik edilmişdi, belə ki, xaricdən pop, rok, hip-hop musiqiçilərini də dəvət etmişdilər. Əsas şərt isə böyük ulduzların çıxışı idi. Belə ki, orda Prince, Nora Cons, Seal və başqaları iştirak edirdi. Həmçinin festivala Texasdan, Londondan orkestlər və bir neçə qrup da dəvət almışdı. Biz iyulun 18-nə qədər çıxış etdik. İri proqramlar təqdim etdik. Lal filmi olan "Lətif"i təqdim etdik. İmprovizasiya formasında. Kəmançada Fəxrəddin Dadaşov, nağarada Natiq Şirinov, royalda isə mən ifa edirdim. Sonradan isə udda Mircavad Cavadov, Vaqif Əliyev, bas gitarada Ruslan Hüseynov birlikdə mənim "magic circle" kompozisiyamı ifa etdik. Bundan başqa xalq mahnısı "Gözəlim sənsən"i ifa etdik. Həmçinin Şahin Növrəsli çox uğurlu iştirak etdi. Müsabiqədə ikinci yeri tutdu. Fürsətdən istifadə edib, onu da təbrik edirəm.
- Mətbuatda yazılanlar xoşunuza gəlir?
- Hesab edirəm ki, caz haqda indi hər kəs yazır. Başı çıxan da, çıxmayan da. Bax, bu, məni kədərləndirir. İnanın, xaricdə Azərbaycan cazı haqda bilən yoxdur. Mən Cəmil Əmirovla birlikdə Çikaqo Şimal-Qərb Universitetində yazda çıxış edirdik. Orda bizim musiqini öyrənirlər, məqalələr yazırlar. Mən hesab edirəm ki, bizdə şərait yaratmaq lazımdır ki, istedalı, musiqi təhsili olan insanlar haqda qəzetlərdə, jurnallarda, internetdə yazılsın.
- Deyirsiniz ki, Montredə caz festivalı proqramlarını genişlənldirib. Sizcə, Bakı caz- festivalında bunu etmək olar?
- Düşünürəm ki, yox. Biz hələ ona gəlib çatmamışıq. Əgər biz indi ora pop musiqini əlavə etsək, sırf kommersiya baxımından ordan cazı çıxardacaq. Bəzən insanlar caz konsertə vaxt keçirməyə gəlirlər, musiqi dinləməyə yox. Ancaq cazı diqqətlə dinləmək lazımdır. Sizin sualınıza qayıdıram. Montredə yalnız bu addımı atmağa 41-ci dəfədə qərar gəldilər. Gəlin, heç olmasa, caz festivalı 25 dəfə keçirək, ondan sonra danışarıq.
- Hazırda caz mərkəzində caz kollecinin açılması barədə söhbətlər gedir. Siz bu haqda nə düşünürsünüz?
- Düzünü desəm, bu haqda heç nə eşitməmişəm. Nəyə lazımdır? Bakı Musiqi Akademiyasında caz fakultəsi var. Bizdə dərs vermək istəyənlər o qədər də çox deyil. Heç ciddi caz öyrənmək istəyənlərdə. Çoxlarını bu işin xarici tərəfi maraqlandırır. Məsələn, alqışlanmalar, çiyin üstündə dəsmalın olması, su şüşəsinin, royalın olması və digər şeylər. Yanıma gələn tələbələrin çoxu cazla fakultativ məşğul olmaq istəyirlər. Yenə də deyirəm, bizdə kadr qıtlığıdır. Mən və Arif Cahangirov dərs öyrədirik. Artıq mənim elə tələbələrim var ki, bir çox caz- festivallarda iştirak edirlər. Belə ki, oxumaq istəyən, arzulayan varsa, öyrədə bilərəm. Sovet dövründə də tikiş, toxuma, dərzi kim kurslar fəaliyyət göstərirdi.
- Nəyə görə bizdə cazda ancaq pianoçular çoxluq təşkil edir?
- Sizinlə təmamilə razıyam. Artıq ənənə halını alıb. Pianoçu səviyyəsinə gəlib çatmaq üçün minimum kurs keçməlisən. Belə ki, 11 yaşında xüsusi məktəb keçirsən, sonra isə Musiqi Akademiyasında təhsil alırsan. O musiqiçilər ki, bu kursu keçiblər, müxtəlif nəticələr əldə ediblər. Öyrənənlər həmişə yüksək nəaliyyətlərə nail olurlar. Düzdür, əgər Biləcəridən o tərəfə keçmirsənsə, musiqiçinin çörək pulu qazanmağı çətin olur. Əgər yüksək nəaliyyətlər əldə etmək isətyəirsənsə, üzərində çalışmalısan. Hesab edəriəm ki, daim oxumaq lazımdır, diplom üçün yox, bilik üçün. Bəlkə özüm həmişə öyrənirəm deyə belə danışıram. Əgər insanın savadı yoxdursa, heç vaxt çiddi nəticəyə nail olmayacaq. Həmçinin caz sahəsində.