...

Müğənni Manana Çaparidze: "O vaxt Azərbaycana qayıtsaydım, hərə bir söz deyəcəkdi"

Cəmiyyət Materials 10 Avqust 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /müx. "TrendLife" Günel Əhmədova/ Yurmala festivalındakı uğursuzluqdan sonra bir müddət Bakıya gəlməyi düşünməyən Manana hazırda Gürcüstandadır. "TrendLife"ın müxbiri müğənni ilə əlaqə yaradıb onun sirli planları barədə xəbər aldı:

- Gürcüstan səfəriniz davam edir?

- Qarşıdakı iki günü də burada olacam. Həftə sonu Londona qayıdıram. Gürcüstana Londondan gəlmişdim. Fikirləşdim bir az burada istirahət edim və qohumlarımla görüşüm.

- Londona yenidən qayıtmaqdə məqsədin nədir?

- Orada mahnılarımın təqdimatı keçiriləcək. Xatırlayırsınızsa, bir neçə il öncə bəstəkar-prodüsser Çarlz Fosketin rəhbərlik etdiyi şirktətlə 10 illik müqavilə imzalamışam. Həmin müqaviləyə əsasən, orada yaradıcılıq planlarım həyata keçirilir. Ötən səfərimdə 3 mahnı lentə yazılıb və həftə sonu mətbuat, radio və televiziya işçiləri üçün mahnıların təqdimatı keçiriləcək. Gələn həftədən etibarən isə mahnılar radio dalğalarında səsləndiriləcək. Daha sonrakı mərhələdə albom buraxılacaq və mahnılardan birinə klip çəkiləcək.

- Həmin bəstələr burada da səsləndiriləcək?

- Yox. Şərtlərə görə, mahnılar London sərhədlərini aşmamalıdır. Buna baxmayaraq, orada mən azərbaycanlı sənətçi kimi təmsil olunuram.

- Yurmala festivalındakı uğursuz nəticələrdən sonra Azərbaycanda olmamısınız?

- Yaradıcılıq planlarım buna imkan vermir. Bu mövzu məni çox üzdü. Yarımfinalda çıxış edərkən finala keçə bilməyəcəyim mənə bəlli idi. Çünki münsiflər heyəti digər iştirakçılarla bizim aramızda ayrıseçkilik yaratmışdı. Söhbət Günəş Abbasova və məndən gedir. Bizdən öncəki iştirakçılara bir neçə janrda oxumaq imkanı verildiyi halda, bizim ifamız yarıda kəsilərək "kifayətdir" deyilirdi. Nəticələri gözləməyib getdim Londona. Həmin ərəfədə orada mahnı seçimi aparılırdı. Nəticələr elan olunanda eşitdim ki, nə Günəş, nə də mən finala keçə bilməmişik. Təşkilat Komitəsi və münsiflər heyətinin azərbaycanlı ifaçılara soyuq münasibəti bizi çox məyus etmişdi. O vaxt Azərbaycana qayıtsaydım, hərə bir söz deyəcəkdi. Bunları eşitməmək üçün Londonda qalmağa qərar verdim. Sağ olsun mətbuat nümayəndələri, hər şeyi olduğu kimi, obyektiv yazdılar.

- Bakıya nə vaxt qayıdırsınız?

- Sentyabrın 16-da Bakıda olacam. Ora üçün də geniş yaradıcılıq planları hazırlayıram. Eyni zamanda yarımçıq qalmış albomum tamamlanacaq və tezliklə mahnılardan birinə klip çəkiləcək.

Xəbər lenti

Xəbər lenti