...

Sabiq səhiyyə nazirinin apellyasiya şikayətinə baxan hakim dəyişdirilib

Cəmiyyət Materials 13 Avqust 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanov və onunla birgə təqsirləndirilən nazirliyin 10 sabiq əməkdaşının apellyasiya şikayətinə baxan hakim dəyişdirilib. İnsanovun vəkili Ağaveyis Şahverdi bazar ertəsi Trend ə bildirib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun icraatına verilib. Şikayət üzrə məhkəmə baxışı avqustun 30-da keçiriləcək. Proses sabiq nazir və digər təqsirləndirilənlərin iştirakı ilə keçiriləcək.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaq müddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Apellyasiya şikayəti üzrə hazırlıq iclasında vəkillər sabiq səhiyyə naziri İnsanov və digərləri barəsində cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsi, İnsanovun barəsindəki həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatətlər vermişdilər. Bu vəsatətlər təmin olunmamışdı. Hazırlıq iclasının bununla bağlı qərarının ləğv olunması üçün İnsanov və müdafiəçiləri hazırlıq iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib və hazırlıq iclasının qərarını qüvvədə saxlayıb.

Apellyasiya Məhkəməsində şikayətə baxan hakim Salman Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunmadığından iş hakim Qayıl Məmmədovun icraatına verilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti