...

"Srace" kanalının keçmiş prezidenti Etibar Babayev: "Kanalın indiki vəziyyəti haqqında danışmaq istəməzdim"

Cəmiyyət Materials 16 Avqust 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir G. Əhmədova/ 80-90cı illərdə telejurnalist Etibar Babayevin təqdimatında Azərbaycan teleməkana yeni dalğa gəldi.

"Sözlü, nəğməli İstanbul" iki dövlət arasında həm siyasi, həm də mədəni əlaqələrin yaxşılaşmasına xidmət edirdi. Amma zaman-zaman həmin dalğa dalğalanaraq başqa səmtə doğru irəlilədi. Babayevin qurduğu ənənələri özəl telekanallar davam etdirə bilmədi. Daha sonra telejurnalist "Space" teleradio şirkətinə rəhbərliyi dövründə kadrlar yetişdirdi. Onlar dövlətlər, xanlıqlar, yaxın və uzaq keçmişimiz, bu günümüz barədə danışdılar. Amma Etibar Babayevin vəzifədən getməsi bu ənənəni qırdı. Artıq o, uzaq keçmişinə qayıdıb - Bakı Teleradio Şirkətinin xətti ilə sənədli filmlər çəkir, televiziya layihələri hazırlayır. Hətta 50 seriyadan ibarət "Dostlar" adlı cizgi filmi ərsəyə gətirib ki, bunun hələ davamının olacağını deyir. Yeri gəlmişkən, cizgi filmi yaxın günlərdə balaca izləyicilərin ixtiyarına veriləcək.

Etibar müəllimi də günün televiziya problemləri narahat edir. "Space"dən uzaqlaşandan üzü bəri susan telejurnalist ilk müsahibəsini "TrendLife" üçün verdi. Keçmişinə ekskurs edən həmsöhbətim belə deyir:

- "Sözlü, nəğməli İstanbul"un ideyası yarandığı ərəfədə hələ ölkədə peyk antennası mövcud deyildi. Yalnız dövlət televiziyasını izləyirdik. İdeoloji sədlər aradan qaldırıldığı zaman televiziya mütəxəssislərinə xarici ölkələrdən verilişlər hazırlayıb efirə vermək imkanı verilmişdi. Bü fürsət düşüncəmdəki ideyanı reallaşdırmağa imkan yaratdı. Çəkdiklərimin efir həllində Elşad Quliyevin səyləri az olmayıb. Beləliklə, Barış Manço, Kayaxan, Sezen Aksu, Sibel Can, Coşqun Sabah, Ajda Pekan, Muazzes Ersoy, İbrahim Tatlısəs, Ebru Gündeş, Fateh Erkoç və başaqları Azərbaycanı məhz "Sözlü, nəğməli İstanbul"dan tanıdılar. Barış Manço ilə başlayan verilişlər qısa zamanda Azərbaycanla dostluq körpüsünü yaratdı. Daha sonra mənim qonaqlarım Turqut Özal və Türkiyənin məşhur simaları oldular. Bu verilişlər Azərbaycan haqqında informasiya blokadasını yara bildi. Burada iki xətt var idi - İstanbulda çəkdiklərimin burada yayımı, burada hazırlanan ekran əsərlərinin Türkiyədə tanıtımı. Türkiyənin dövlət kanalı "TRT" vasitəsi ilə nəinki sənətçilər, sonradan tamaşaçılar da Azərbaycan haqqında məlumatlandılar. Daha sonra bu ənənə "Saman yolu", "Kanal 6" televiziyasından davam etdi.

Bir müddətdən sonra özümü bu işdən təcrid etməyə başladım. Çünki bu gün peyk antennalarının nəinki Bakıda, ən ucqar kənddə belə yayımı təşkil olunub. Tamaşaçılar çox asan qonşu və digər ölkələrdə gedən prosesləri izləyə bilirlər. Vasitəçiyə ehtiyac yoxdur.

Amma "Azərbaycandan salamlar"a hələ də ehtiyac var?

Mən də bu cür düşünürəm. "İstanbuldan salamlar"dan daha çox, ən azından "Bakıdan salamlar"a ehtiyac var.

O vaxtkı dalğa Azərbaycana, ələxsus da, şou-biznesə yaxşı ənənələr gətirmişdi. Amma indiki vəziyyət ürəkaçan deyil?

Şou-biznesin özü də bazar iqtisadiyyatının qanunlarına uyğun inkişaf edir. Türkiyədə sənət ulduzu yalnız Zəki Mürenə deyərdilər. İqtisadi durum gücləndikcə estrada, şou-biznesin inkişaf qığılcımları göründü. Janrına görə, bu sahədə pul qazanmaq daha asandır. Prodüserlər, prodüser mərkəzləri bu xətt üzərində yarandı.

Özəl telekanalların da şou-biznesin inkişafında rolu az deyil?

Özəl telekanalların, radioların sayı artıqca onların efirini barmaqla sayıla biləcək sənətkarların çıxışı ilə doldurmaq mümkün deyildi. Əgər telekanal 24 saat yayımlanırsa eyni simanı hər həftə göstərə bilməzdi. Özəl televiziyanın yayım marağının olması normaldır.

Özəl telekanal rəhbərləri də bədii şura yaradıb onları öz süzgəcindən keçirə bildərdi. Lakin maddi durum nəzərə alındığı üçün heç kimin qarşısında sədd çəkilmədi. Sizin rəhbərliyiniz dövründə bu sayaq müğənnilərə xidmət edən verilişlər çox idi?

Bunun qarşısını almaq bir adamın istəyi çərçivəsində deyil. Hər bir telekanalın mövcud problemləri var. Xüsusi ilə maddiyat sahəsində. Biz çox istəyirdik tariximiz, mədəniyyətimiz, adət ənənələrimizlə bağlı verilişlər olsun. Oldu da. Paralel olaraq meyarlarımıza cavab verməyən musiqili verilişlər, simalar da efirə çıxırdı. Amma bunlara göz yummaq məcburiyyətində idik. Çünki şirkətin ayaq üstə dayanmasında həmin verilişlərin gətirdiyi maliyyə yardımı müəyyən rol oynayırdı. Bütün MDB dövlətlərində bu problem var. Reklamın qiyməti indi-indi qalxmağa başlayır. 7-8 il bundan əvvəl vəziyyət gülünc səviyyədə idi. Mən "Space"ə rəhbər gələndə telekanal yalnız Bakıya yayımlanırdı. İlk kadrlarımızla birlikdə sizin görə bilmədiyiniz əziyyətlərə qatlaşmışıq. Avadanlıqları baha qiymətə Yaponiyadan alıb gətirmişik. Həmin avdanlıqla efirə çıxan başqa ölkələrdəki reklamın qiyməti bizdən qat-qat üstün idi. "Muğam star" efirə çıxanda ona maliyyə dəstəyi tapmaq üçün çox əziyyət çəkdik. Amma bayağı bir verilişə çox asanlıqla maliyyə yardımçısı tapılırdı. Əgər telekanal sponsordan asılı olmasa, yardımçı təsərrüfatlar hesabına özünü saxlaya bilərsə, tamaşaçı qarşısına üzü ağ çıxa bilər.

Sizin həmin avdanlıqlar, dekorasiyalar hesabına ərsəyə gətirdiyiniz layihələrdən, yetişdirdiyiniz kadrlardan əsər-əlamət qalmayıb. "Space" bu gün tamam başqa aspektdən çıxış edir. Bu dəyişiklik televiziya mütəxəssisi kimi sizi qane edir? Ümumiyyətlə, "Space"ə baxırsınız?

Hər bir televiziyada inkişaf prosesi müəyyən mərhələlər üzrə gedir. Mən vəzifədə olduğum dövr haqqında fikir söyləyə bilərəm. Kadr dəyişkliyinə gəlincə, ola bilsin, bu, indiki rəhbərliyi qane etməyib, yaxud da, kimsə indiki şəraitdə işləmək istəməyib. Mən telekanalın indiki fəaliyyəti barədə danışmaq istəmirəm.

Səbəb nədir?

Bu sualdan keçək... O vaxt "Space" başqa idi, indi başqadır. Ola bilsin indiki rəhbərliyin qarşısına hansısa vəzifələr qoyulur və onu icra edir. Hesab edirəm ki, Vaqif müəllim öz işinin öhdəsindən gələ bilir. "Space"dən gedəndən sonra bu barədə heç vaxt danışmamışam. Yalnız onu deyə bilərəm ki, vəzifəmin öhdəsindən layiqincə gəlmişəm. Mənə elə gəlir ki, televiziyanın birinci sahibi xalqdır. İcraedicilərdən kimin necə olduğunu onlar qiymətləndirir. Bu mövzu barədə çox dərinə getmək istəmirəm, onun da səbələri var.

Müəllif proqramları barədə mövqeyinizi öyrənmək istərdik. Vaxtilə Etibar Babayev brendi var idi. Müəllif verilişllərinə məhz ona görə baxılırdı. Lakin bu gün aparıcı simalar görmürük.

"Space"də çalışdığım müddətdə həmin simaları efirə çıxara bildim. Əvvəlcə müəllif verilişləri departamenti yaratdım və Mehriban Ələkbərzadəni ora rəhbər təyin etdim. Tamaşaçılar Nərgiz Cəlilova, Mehriban Ələkbərzadə, İradə Tuncay, Eldəniz Elgün, İlhamiyyə Rzayeva, Həmid Herisçi kimi simaların təqdimatında beyinləri yaxşı mənada düşündürən verilişlərə tamaşa etdilər. Bunlardan yalnız Zəlimxan Yaqubun verilişi müəyyən fasilədən sonra efir yayımını davam etdirir. Ümumilikdə, efir siyasətindən danışdıqda, deyərdim ki, bu gün tamaşaçıları qane etməyən məqamlar daha çoxdur. Bu tək rəhbərlik səviyyəsində həll olunan məsələ deyil. Televiziyanın ilk öncə güclü maliyyə mənbəyi, texniki bazası olmalıdır. Təcrübəli kadrları tapmaq müşkül deyil.

Bakı Teleradio Şirkətindəki rəhbər səlahiyyətiniz imkanlarınızı səfərbər etmək üçün kifayət edir?

Biz əsasən sifarişli filmlər ərsəyə gətiririk. Yaxın gələcək üçün bir sıra tele-layihələrin həlli nəzərədə tutulub. Eyni zamanda kitab çapı ilə məşğulam. Yaxın günlərdə atam Adil Babayevin ölümünün 30 ili tamam olacaq. Onun 2 cildliyini hazırlayıram.

Xəbər lenti

Xəbər lenti