...

Azərbaycanın bir qrup jurnalisti etiraz aksiyaları keçirəcək

Cəmiyyət Materials 17 Avqust 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın bir qrup jurnalisti sentyabr ayından etibarən yenidən etiraz aksiyaları keçirəcək. Bu barədə cümə günü Bakıda "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru, Jurnalistləri Müdafiə Komitəsinin üzvü Şahvələd Çobanoğlu məlumat verib.

"Biz istənilən halda həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi, onların azadlığa buraxılması, mətbuata qarşı təzyiqlərin dayandırılması tələbləri ilə etiraz aksiyaları keçirəcəyik", -deyə şef-dedaktor bildirib.

2007-ci ilin yaz aylarında Azərbaycanın bir qrup jurnalisti mətbuata qarşı təzyiqlərini dayandırılması, həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbləri ilə kütləvi etiraz aksiyalarının keçirilməsi haqda qərar qəbul etmişdilər. Lakin Bakı şəhər İcra Hakimiyyəti aksiyalara icazə verməyib. Ona görə də jurnalistlər bir neçə icazəsiz aksiya keçirməklə kifayətlənmişlər.

Çobanoğlu vurğulayıb ki, jurnalistlərin keçirdikləri aksiyalarda fasilənin yaranması bir neçə səbəblə bağlıdır: "Əvvala, Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərin əfv olunacağına, mətbuatın problemlərinin həlli istiqamətində addımların atılacağına böyük ümidlər yaranmışdı. Lakin, bu baş vermədi. İkincisi, aksiyaların gündəmdən çıxması yay fəsli və havaların isti keçməsi ilə bağlıdır. Hazırda baş redaktorların əksəriyyəti Bakıda yoxdur və ona görə də konkret qərar vermək mümkün deyil. Bundan başqa etiraz aksiyaları ilə bağlı baş redaktorlar arasında fikir ayrılığı yaranıb. Bütün bunlara baxmayaraq avqustun sonu, sentyabrın əvvəllərində etiraz aksiyalarına başlayacağıq". Çobanoğlunun fikrincə, mətbuatın durumu ilə bağlı aksiyaların keçirilməsinə ehtiyac var. Çünki mətbuatın problemləri həll olunmamış qalır və yeni çətinliklər ortaya çıxır.

Şef-redaktor bildirib ki, "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsində sentyabr ayından etibarən etiraz aksiyaları keçirmək haqda müzakirələr aparıblar və bununla bağlı konkret qərar qəbul ediblər: "Əgər Redaktorlar Birliyi etiraz aksiyaları keçirməsə, biz Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi və onun iş yoldaşları olaraq həbsdə olan jurnalistlərin müdafiəsi ilə bağlı aksiyalar təşkil edəcəyik".

Fətullayev bu ili aprel ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 147.1 və 148.2 maddələri ilə (böhtan və təhqir) ittiham irəli sürülüb və iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Milli Təhlükəsizlik Nazirliyi Fətullayevə qarşı terrorla hədələmə, milli, etnik və dini ədavəti qızışdırma maddələri ilə yeni ittiham irəli sürüb. Fətullayev bu ittihamları rədd edir.

Hazırda Azərbaycanda yeddi jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti