...

Qobustan həbsxanasında intiharların qarşısını almaq üçün dəyişikliklər olunacaq

Cəmiyyət Materials 22 Avqust 2007 15:42 (UTC +04:00)
Qobustan həbsxanasında intiharların qarşısını almaq üçün dəyişikliklər olunacaq

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında məhkumlar arasında intiharların qarşısını almaq üçün rejim qaydalarına dəyişikliklər olunmalıdır. Ədliyyə naziri yanında məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edəcək və cəzaların icrasına nəzarət edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Kamil Səlimov çərşənbə günü Trend ə bildirib ki, məhkumlar arasında intiharların minimuma endirilməsi məqsədilə ədliyyə nazirinə təkliflər hazırlanır.

Səlimov hesab edir ki, Qobustan qapalı həbsxanasında xüsusilə ağır cinayət törədənlər saxlanılır və bu məhkumların psixoloji problemləri var. Bunu nəzərə alaraq Komitə məhkumların ailələri ilə görüşlərinin, telefon danışıqlarının sayının artırılmasını, açıq havada gəzintinin 3 saat müəyyən edilməsini, rejim qaydalarının liberallaşdırılmasını təklif edir: "Həmin şəxslərin cinayət etdikləri üçün azadlıq hüquqları məhdudlaşdırılıb, digər hüquqlarına isə hörmətlə yanaşılmalıdır".

Penitensiar Xidmətin Baş İdarəsi tərəfindən Cəzaların İcrası Məcəlləsinə dəyişikliklərlə bağlı layihə hazırlanıb və Ədliyyə Nazirliyinə təqdim olunub. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Layihədə ömürlüklərin təhsil almasına imkan yaradılması, onların kameralarına televizorların qoyulması ilə bağlı dəyişikliklər yer alıb. Layihədə həmçinin Komitənin təklif etdiyi dəyişikliklər də nəzərdə tutulub.

Yeni inşa olunacaq həbsxanada ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün kameralarının qarşısında gəzinti otaqlarının ayrılması planlaşdırılır. Bu isə onlara istədikləri vaxt açıq havada olmaq imkanı yaradacaq.

Cəzaların İcrası Məcəlləsində ömürlüklər üçün il ərzində 3 qısamüddətli, bir uzunmüddətli görüşlərə, 2 telefon danışığına, ciddi rejimli məhkumlar üçün il ərzində 2 qısamüddətli görüşə icazə verilir. Həbsxanada saxlanılan məhkumlar gün ərzində 1 saat açıq havada gəzintiyə çıxarılır.

Xəbər lenti

Xəbər lenti