Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ 783 azərbaycanlı ermənilər tərəfindən əsirlikdə və girovluqda saxlanılır. Bu barədə cümə günü milli təhlükəsizlik naziri Eldar Mahmudov Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqlə görüşdə məlumat verib.
Nazir bildirib ki, hazırda 4471 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Mahmudovun sözlərinə görə, Ermənistanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlıların taleyinə aydınlıq gətirmir, onların geri qaytarılmasında qeyri-konstruktiv mövqe tutur. Nazir Avropa Şurasının bu problemin həllində daha yaxından köməklik göstərməsinin vacibliyini vurğulayıb.
Mahmudov insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Planı üzrə nazirlikdə konkret tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.