Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir B.Hacıyev/
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar istefaya gedib.
Trend-in məlumatına görə, vitse-prezidentlər Göksel Gümüşdağ və Lütfü Arıboğan da vəzifələrindən istefa veriblər. Fevralın sonlarında Türkiyə Futbol Federasiyasına yeni prezident seçmək üçün qurultay keçiriləcək.
Türkiyə KİV-i yazır ki, Aydınlar danışılmış oyunlarla bağlı yaşanan qalmaqal səbəbindən istefa verib.
Danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə polisin əməliyyatı ötən il iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.
"Fənərbağça"nın sabiq prezidenti Əziz Yıldırım 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılmışdı.
Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyat olub. 2010-cu ilin mart-aprelində Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.
Aydınlar "Fənərbağça" klubunun üzvüdür.