Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/
Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində cümə günü yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatının açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın sürətli inkişaf dövrü yaşadığını və bu sırada karatenin də qabaqcıl yerlərdən birini tutduğunu bildirib. Onun sözlərinə görə, yüksək nəticələrin davamı kimi Azərbaycan karate üzrə 39-cu Avropa çempionatına ev sahibliyi edir.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, Azərbaycanda mötəbər yarışların keçirilməsi və idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları Azərbaycanın bir idman ölkəsinə çevrilməsindən xəbər verir.
Avropa Karate Federasiyasının baş katibi Corc Yerolimpos çıxışında Azərbaycan karateçilərinin beynəlxalq arenada xeyli uğurlar qazandığını deyib. O deyib ki, Bakıdakı yarış karatenin WKF versiyasının Olimpiya Oyunlarının proqramına salınması üçün bir təkan olacaq.
Yarışda 40 ölkədən 700-dən çox idmançı mübarizə aparacaq. Çempionatda ölkəmizi 26 idmançı təmsil edəcək.