...

Azərbaycanda ilk beynəlxalq veloturnir keçiriləcək

İdman Materials 5 Aprel 2012 13:52 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur mayın 9-13-də keçiriləcək.
Azərbaycanda ilk beynəlxalq veloturnir keçiriləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur mayın 9-13-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Velosiped İdmanı Federasiyasının yaydığı məlumatda deyilir.

"Tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarış olacaq. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən ölkə paytaxtında yekunlaşacaq", - məlumatda deyilir.

Bakıda keçiriləcək komanda yarışlarından sonra peloton (velosiped idmanında əsas yarışçı qrupu belə adlanır) Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək. 2-ci, 3-cü və 4-cü mərhələlər ölkəmizin mənzərəli güşələrindən keçməklə İsmayıllı və Qəbələ şəhərlərində başa çatacaqdır. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq və final mərhələsi paytaxtımızın mərkəzi küçələrində keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid UCİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaq.

Yarışın təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Gənclər və İdman Nazidliyi və Almaniyanın "FreundeEventlogistik" şirkətidir. Veloturun marşrutu çoxsaylı beynəlxalq yarışların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında Ştutqartda keçirilmiş şose üzrə dünya çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti