Azərbaycan, Bakı, 23 may /Trend/
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet finala yüksəlib. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşün yarımfinalında cütlüyümüz finişə 6 dəqiqə 21,03 saniyəyə çatıb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, ABŞ təmsilçisi Samuel Stitt - Uorren Anderson dueti də bu məsafəni eyni müddətə qət edib. Lakin fotofinişin görüntülərinə əsasən, Aleksandrov - Yotov cütlüyünün finiş xəttini birinci keçdiyi müəyyənləşib. Bu iki duetlə yanaşı, 6 dəqiqə 22,26 saniyə nəticə ilə 3-cü yeri tutan çinli Riokian Yin - Vey Kanq, həmçinin digər yarımfinalda ilk "3-lüy"ə düşən italiyalı Alessio Sartori - Romano Battisti (6:20.12), latviyalı Lauris Sire - Dairis Adamatis (6:21.63) və ukraynalı Dmitri Mixay - Artyom Morozov (6:24.38) cütlükləri də həlledici yürüşdə iştirak hüququna yiyələnib.
Final yürüşü mayın 23-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycanın qadınlardan ibarət İskra Angelova - Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib. 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan cütlüyümüz təsəlli yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 16,50 saniyəyə qət edib. Bu nəticə ilə onlar finişə 4-cü çatıblar. Finala isə ilk 2 yeri tutmuş kanadalı Natali Mastraççi - Larissa Laqzdins (7:08.74) və belaruslu Yuliya Bıçik - Natalya Gelax (7:10.85) duetləri yüksəliblər.
Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti finalda ilk 2 yerdən birini tutarsa, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Aleksandrov hələ ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) yürüşdə Olimpiya vəsiqəsini əldə edib. İndi isə o, 16 yaşlı Boris Yotovla birgə bu hüquqa yiyələnməyə çox yaxındır.