...

Azərbaycan idmançılarına olimpiya lisenziyası üçün 0,53 saniyə çatmadı

İdman Materials 24 May 2012 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasına yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov - Boris Yotov dueti finalda 3-cü yeri tutub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 nəfərlik qayıqla (M2X) mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət edib.

Bununla da Aleksandrov - Yotov dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Bu vəsiqələrə ilk 2 pilləni tutan italiyalı Alessio Sartori - Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay - Artyom Morozov (6:27.46) yiyələniblər. Təəssüf ki, azərbaycanlı duetin olimpiadaya yollanmasına cəmi 0,53 saniyəsi çatmayıb. Aleksandrov hələ ötənilki dünya çempionatında uğurlu çıxışı sayəsində 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya lisenziyasını təmin etmişdi. O, Yotovla da birgə bu vəzifənin öhdəsindən gəlsəydi, Londonda 2 qayıqla mübarizə aparmalı olacaqdı.

Qeyd edək ki, Yekun Olimpiya Təsnifat Reqatasında qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan İskra Angelova - Viktoriya Nençeva dueti finala yüksələ bilməyib.

Xəbər lenti

Xəbər lenti