...

"Sərhəd" hərbi-idman oyunlarının qalibləri elan olunub (FOTO)

İdman Materials 12 İyun 2012 13:28 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) "Sərhəd" hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb.
"Sərhəd" hərbi-idman oyunlarının qalibləri elan olunub (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) "Sərhəd" hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, DSX-nin xüsusi məktəbində keçirilən mükafatlandırma mərasimində mükafatları DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Onlar öz çıxışlarında "Sərhəd" hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 28 sərhədyanı rayonun 202 məktəbinin 1000-dən çox şagirdi iştirak edib. İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda final mərhələsinə vəsiqə qazanıb.

"Sərhəd" hərbi-idman oyununun final mərhələsi iyunun 4-də başlayıb və DSX-nin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində keçirilib. Final mərhələsi zamanı asudə vaxtlarda iştirakçılar DSX Sahil Mühafizəsinə, Dövlət Bayrağı Meydanına və digər yerlərə ekskursiyalara aparılıb.

Oyun zamanı toplanan ballara görə Horadiz şəhər 1 saylı orta məktəbinin "Ərgünəş" komandası birinci yeri, Ağstafa rayonunun Böyük Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin "Ləkin" komandası üçüncü yeri tutub.

Yarışın final mərhələsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti