...

U-17 qadınlararası DÇ-ni keçirməklə Azərbaycan qadın futbolunun inkişafında mühüm addım atdı

İdman Materials 12 Oktyabr 2012 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Mehdiyev/

FİFA U-17 qadınlararası dünya çempionatını keçirməklə Azərbaycan qadın futbolunun inkişafında mühüm bir addım atdı. Trend-in məlumatına görə, bunu FIFA və Yerli Təşkilat Komitəsinin FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanışına həsr olunmuş mətbuat konfransında Yerli Təşkilat Komitəsinin infrastruktur və IT direktoru Elnur Məmmədov deyib.

"Çempionat çərçivəsində biz öz infrastrukturumuzu inkişaf etdirdik, təşkilati məsələlərdə böyük təcrübəyə malik olduq. Deyə bilərik ki, artıq növbəti böyük idman tədbirlərinin, futbol çempionatlarının keçirilməsi üçün potensialımız var və bir daha biz bunu sübut etməyə hazırıq", - Məmmədov bildirib.

Tədbirdə çıxış edən FIFA U-17 qadınlararası dünya çempionatı Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas əvvəlcə Bakının gözəlliyinə heyran olduğunu və burada insanların qonaqpərvərliyini diqqətə çatdırıb.

O, AFFA rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. "Doğrudan da çox gözəl infrastruktur yaradılmışdı, bütün təşkilati işlər yüksək səviyyədə həyata keçirilmişdi. Azərbaycan da artıq gözəl qadın futbol komandası formalaşdırıb", - Tsiklas deyib.

FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenni da çempionat haqqında öz təəssüratlarını bölüşüb. O qeyd edib ki, bu çempionat indiyə qədər keçirilən yarışların ən yaxşılarından idi. Haenni DÇ üçün gözəl infrastrukturun, həmçinin yarış iştirakçılarının burada qalması üçün yüksək şəraitin yaradıldığını diqqətə çatdırıb.

O, bu çempionatın dünyada qadın futbolunun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti