...

Bu il Azərbaycan idmançıları ötən illə müqayisədə 47 medal çox qazanıblar

İdman Materials 28 Dekabr 2013 16:17 (UTC +04:00)
Azərbaycan idmançıları 2013-cü ildə keçirilmiş beynəlxalq yarışlarda 800-ə yaxın medal qazanıblar.
Bu il Azərbaycan idmançıları ötən illə müqayisədə 47 medal çox qazanıblar

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan idmançıları 2013-cü ildə keçirilmiş beynəlxalq yarışlarda 800-ə yaxın medal qazanıblar.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan idmançıları 2013-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal (2012-ci ildə 735 medal - 255 qızıl, 244 gümüş, 236 bürünc) əldə ediblər. Bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növlərindən olub.

2003-2013-cü illərdə isə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılıb.

İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 154 təlim-məşq toplanışlarında (2012-ci ildə 83 toplanış) iştirak ediblər. Bu təlim-məşq toplanışlarından 103-ü Azərbaycanda, 51-si isə xarıcı ölkələrdə keçirilib. Təlim-məşq toplanışlarında ümumilikdə 6000 nəfərədək idmançı iştirak edib.

2013-cü ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 298 respublika yarışları (2012-ci ildə 150 yarış) təşkil edilib, 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilib. Xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışlarda isə (2012-ci ildə 250 yarış) ölkə yığma komandalarının iştirakı təmin olunub.

Əsas nailiyyətlər:

- 26-31 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş cüdo üzrə dünya çempionatında Elxan Məmmədov (100 kq) dünya çempionu adını qazanıb.

- 30 avqust-3 sentyabr tarixlərdə Almaniyanın Duysburq şəhərində keçirilmiş avarçəkmə üzrə dünya çempionatında 200 metr məsafəyə yürüşdə Azərbaycan kanoeçisi Valentin Demyanenko 38,462 saniyə nəticə göstərərək 4-cü dəfə dünya çempionu adını qazanıb.

- 11-27 oktyabr tarixlərində boks üzrə Qazaxıstanın Almatı şəhərində keçirilmiş kişilər arasında dünya çempionatında Məhəmmədrəsul Məcidov (+91kq) və Cavid Çələbiyev (56 kq) dünya çempionu adını qazanıblar.

- 08-17 noyabr tarixlərdə şahmat üzrə Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandası 2-ci dəfə Avropa çempionu adını qazanıb.

- 6-7 iyul tarixlərində Bakıdakı Dənizkənarı Milli Parkda motorlu qayıqsürmə üzrə (Formula-2) "Grand Prix - 2013" yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları mübarizə aparıblar. Yarışın qalibi İsveçin "Getel Racing" komandasının pilotu Erik Stark olub. "Azərbaycan" komandasının üzvü Yonas Andersson 2-ci, Latviyanın "Riga powerboat" kollektivinin pilotu Ulvis Slakteris isə 3-cü nəticə göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti