Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Dağ-xizək kurortunda yıxılması nəticəsində kəllə-beyin travması almış məşhur alman pilot Mixael Şumaxer bədənin birtərəfli iflici və səsin itməsi təhlükəsi ilə üzləşə bilər. Trend-in məlumatına görə, bu barədə BFMTV.com "Formula-1" yarışlarının keçmiş fransalı pilotu Filipp Streyffə istinadən xəbər verir.
1989-cu ildə Braziliyada mövsüm ərəfəsində sınaqlar zamanı keçirdiyi ağır qəza nəticəsində əlil arabasına əyləşmiş F.Streyff bildirib: "Mən Jerar Salyanla [Beyin İnstitutunun rəhbəri - red.] danışdım. Onlar hematomanın necə azaldığını görmək üçün Şumaxerin beynini hər gün skan edirlər. Вazar ertəsi o, ikitərəfli olub, indi isə yalnız sol tərəfdə qalıb. Bu böyük irəliləyişdir. Lakin əgər o, uzun müddət qalsa bədənin sağ tərəfinin iflici ilə nəticələnəcək. Belə olan halda o, səsini itirə bilər. Reabilitasiya dövründə ümid edirəm ki, o, səsini və hərəkətliliyini bərpa edə biləcək".
Qeyd edək ki, Şumaxer "Formula-1" yarışlarının və "Ferrari" komandasının tarixində ən uğurlu pilotdur. O, 91 qələbə qazanıb ki, bu da rekord göstəricidir. Alman pilot 2012-ci ildə karyerasını başa vurub.