...

33 ölkə Bakıda bədii gimnastika üzrə Avropa çempionatında iştirakını təsdiqləyib

İdman Materials 19 Mart 2014 11:19 (UTC +04:00)
33 ölkə Bakıda iyunun 13-15-də keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirakla bağlı son ərizəsini təqdim edib.
33 ölkə Bakıda bədii gimnastika üzrə Avropa çempionatında iştirakını təsdiqləyib

Azərbaycan, Bakı, 19 mart /Trend/

33 ölkə Bakıda iyunun 13-15-də keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirakla bağlı son ərizəsini təqdim edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasına (AGF) Lozannada yerləşən Avropa Gimnastika İttifaqının (UEG) katibliyindən bildiriblər.

Bunlar Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveçrə, Slovakiya, Türkiyə, Ukrayna və təbii ki, Azərbaycandır.

Onlardan 32 ölkənin gimnastları yuniorlar arasında fərdi yarışda çıxış edəcəklər, "Qədim dünya"nın 21 komandası yuxarı yaş qrupu kollektivlərinin yarışında gücünü sınayacaq. Yəni, hər bir ölkə qrup tapşırıqlarında 4 fərdi gənc idmançıdan ibarət bir ehtiyat və yuxarı yaş qrupu komandası ilə təmsil oluna bilər.

Və nəhayət, 2013-cü ildə Vyanada keçirilən Avropa birinciliyinin nəticələrinə görə 20 ən yaxşı gimnast çöxnövçülükdə qitə çempionunu müəyyən edəcək. Ümumilikdə isə, Bakıda 258 gimnast 9 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Avro-2014-ün cədvəli xəbər verir ki, çempionatın birinci günündə (iyunun 13-də) halqa və topla yuniorların təsnifat yarışları keçiriləcək, gözəl açılış mərasimi olacaq və qrup komandalarının iki növ üzrə yarışda Avropa çempionu müəyyən ediləcək.

İkinci gün (iyunun14-də) yuniorlar gürz və lentlərlə çıxış edərək komanda hesabında Avropa çempionunu müəyyən edəcəklər və çoxnövçülük üzrə daha yuxarı yaşlı gimnastların finalı keçiriləcək.

Yarışın son günü - Milli Qurtuluş Günü (iyunun 15-də) yuniorların ayrı-ayrı növlər üzrə finalı keçiriləcək, eləcə də çempionatın bağlanış mərasimi və Avropa gimnastikasının ulduzlarının iştirakı ilə qala-konsert keçiriləcək.

Mətbuat xidməti xəbər verir ki, aprelin 3-6-da Bakıda UEG-in Bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri olacaqlar. TK-nin prezidenti Hayde Bruneder (Avstriya) ilə birlikdə onlar çempionatın püşkatma mərasimini keçirəcək, Təşkilat Komitəsinin üzvləri ilə görüşəcək, saytın və promo-çarxın təqdimatında iştirak edəcək, turnirin keçirilməsi ilə bağlı texniki məsələləri həll edəcəklər.

Xatırladaq ki, Avropa gimnastika çempionatı "Koroğlu" metrostansiyası yaxınlığındakı Milli Arenada keçiriləcək. Bu müasir tikili artıq Bakının diqqətəlayiq yeni idman məkanları ilə bir sıraya daxil olub.

İştirakçı ölkələrin nümayəndə heyətləri bilavasitə yarışların keçiriləcəyi yerin yaxınlığında 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün tikilmiş Atletlər şəhərciyində yerləşdiriləcəklər.

Avropa çempionatını həm yerli, həm də xarici kütləvi informasiya vasitələri işıqlandıracaqlar. Mətbuat nümayəndələrinə (televiziya, jurnalistlər, fotoqraflar, elektron KİV, bloqqerlər və başqaları) gəlincə, onlar AGİ-nin fedintgym.com/mediamanager/ linkində onlayn qeydiyyatdan keçə bilərlər. Ərizələrin verilməsinin son tarixi 28 may 2014-cü ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti